Mətin Məmmədli: “...Düşünmürəm ki, Ermənistan nümayəndəsinin AŞPA vitse-prezidenti seçilməsinin ölkəmizə hər hansı bir ciddi zərəri dəyə bilsin”
Ermənistan Milli Assambleyasının sədr müavini Hayk Koncoryan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib. Koncoryan özünün Facebook səhifəsində yazıb: "Ermənistanın kvotası çərçivəsində mən Strasburqda keçirilən plenar iclasda AŞPA-nın vitse-prezidenti seçildim".
Bunun Azərbaycana ziyanı dəyərmi?
Bəzi ekspertlərə görə, bu vəziyyətin Azərbaycan üçün ciddi strateji təhlükəsi yoxdur. Ekspertlər deyirlər ki, Azərbaycan AŞPA-da yoxdur. 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini rəsmən dondurub və qurumu tərk edib. Bakı AŞPA-nın qərarlarını və hesabatlarını tanımadığını bəyan etdiyi üçün, erməni rəsmilərin orada hansısa qətnaməyə təsir etməsi Azərbaycan üçün hüquqi və ya praktiki əhəmiyyət kəsb etmir.
Vitse-prezidentin səlahiyyətləri məhduddur və AŞPA vitse-prezidenti təkbaşına hər hansı ölkəyə qarşı sanksiya tətbiq edə və ya qətnamə qəbul edə bilməz. Bütün qərarlar assambleyanın ümumi səsverməsi (plenar sessiya) vasitəsilə qəbul olunur.
Avropa Şurasının qərarları məcburi deyil, sadəcə tövsiyə xarakterli siyasi bəyanatlardır. Qurumun icraedici və hərbi mexanizmləri yoxdur.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent və beynəlxalq münasibətlər, xarici siyasət, həmçinin milli təhlükə sizlik məsələləri üzrə tanınmış ekspert Mətin Məmmədli baki-xeber.com-a şərhində bildirdi ki, Ermənistan Milli Assambleyasının sədr müavini Hayk Koncoryanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilməsinin ölkəmizə ziyan vuracağını gözləmir. “Ona görə gözləmirəm ki, Azərbaycan həmin ziyanın vurulması üçün heç bir əsas vermir. Çünki ölkəmiz beynəlxalq hüquq normalarına, ATƏT qaydalarına uyğun olaraq fəaliyyət göstərir. İkinci məqam da onunla bağlıdır ki, ATƏT və digər beynəlxalq təşkilatlar mövcud beynəlxalq münasibətlər sistemində o qədər də güclü təsirə malik deyil ki, onların qəbul etdiyi qərarlar, yaxud da hansısa bir məsələ ilə bağlı qəbul etdiyi sənədlər təsir göstərsin”.
M.Məmmədlinin sözlərinə görə, biz ölkə olaraq şahidi olmuşuq ki, 30 ilə yaxın dövr ərzində ATƏT-in yaratdığı Minsk Qrupu heç bir iş görmədi. “ATƏT keçmiş münaqişənin həlli ilə bağlı bir təsisat yaratmışdı. Onların fəaliyyətlərinin heç bir nəticə vermədiyi yaxşı xatırlanır. Yəni üçüncü məqam kimi də Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesini qeyd edə bilərəm ki, hazır iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı bir proses gedir. Biz onu sülh prosesi adlandırırıq. Yəni bu məqamları nəzərə aldıqda düşünmürəm ki, Ermənistan nümayəndəsinin AŞPA vitse-prezidenti seçilməsinin ölkəmizə hər hansı bir ciddi zərəri dəyə bilsin”-deyə M.Məmmdəli qeyd etdi.
İradə SARIYEVA