İsrailin 14-cü Kanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında təcili eniş edən “FlyDubai” təyyarəsinin ikinci pilotu təyyarəni dik eniş vəziyyətinə salaraq qəzaya uğratmağa cəhd edib, həmkarı isə bunun qarşısını almağa çalışıb.
"Pilotlardan birinin... təyyarəni qısa müddət ərzində 30.000 futdan 15.000 futa düşürdüyü barədə fərziyyələr var. Digər pilot isə onunla davaya çıxaraq bunun qarşısını alıb" – deyə telekanalın məlumatında bildirilir.
İsrail mediası sərnişinlərin pilotu dayandıra bildiklərini ehtimal edir. Paltarlarında qan olan sərnişinlərin görüntüləri artıq internetdə dərc olunub.
i24News şahidə istinadən bildirib ki, sərnişinlər təyyarədə vəziyyəti nəzarətə götürüblər və hücumçunu sakitləşdiriblər, göyərtədəki tibb bacısı və həkim isə ona ilk tibbi yardım göstəriblər. Bundan əlavə, təyyarədə idarəetməni ələ keçirən və Səudiyyə Ərəbistanında təcili eniş edən bir neçə pilot olub. N12 xəbər verir ki, qəza siqnalı göndərən “Flydubai” təyyarəsini Rusiya və Ukraynadan olan insanlar idarə edib.
Çərşənbə günü əvvəllər Dubaydan Təl-Əvivə uçan “FlyDubai” təyyarəsi təcili vəziyyət siqnalı verib və qısa müddət sonra Səudiyyə Ərəbistanında təcili eniş edib. Aviaşirkət uçuş zamanı pilotlar arasında dava düşdüyünü təsdiqləyib.
Tahir TAĞIYEV