ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd edib. İran bunun müqabilində ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını və nüvə danışıqlarının bərpasını təklif edib.
“The Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp İrana qarşı hərbi əməliyyatların noyabrda keçiriləcək Konqres seçkilərindən sonra yenidən başlaya biləcəyini düşünür. Bunun əsas səbəbi Vaşinqtonun Tehranın nüvə proqramından imtina edəcəyinə şübhə etməsidir.
Bununla belə, ABŞ rəsmiləri İranla diplomatik təmasların davam etdiyini və danışıqların tamamilə dayandırılmadığını bildirir.
Tramp İranın hazırkı təklifinin bir il əvvəl müzakirə olunan şərtlərdən geri qaldığını bildirirsə, bu müddət ərzində nə dəyişib və Vaşinqtonun bu gün Tehrandan əsas tələbləri nədən ibarətdir? ABŞ prezidenti hansı şərtlərlə razılaşma əldə etməyə çalışır və İranın hazırkı təklifini niyə qəbuledilməz sayır?
Xaqani Cəfərli: “Tramp seçkilərə qədər neftin kəskin bahalaşmasının qarşısını almağa çalışacaq”
Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər” qəzetinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd etməsinin onun hazırkı siyasətinə uyğun olduğunu bildirib.
X.Cəfərlinin sözlərinə görə, Tehran hazırda ciddi iqtisadi və siyasi təzyiqlə üz-üzədir və Vaşinqton İranın vəziyyətinin getdikcə ağırlaşdığını nəzərə alaraq danışıqlarda daha sərt mövqe tutur. O hesab edir ki, Trampın bir tərəfdən İranın təkliflərini qəbul etməməsi, digər tərəfdən isə danışıqların davam etdiyini və razılaşmanın mümkün olduğunu bildirməsi enerji bazarındakı gərginliyin daha da artmasının qarşısını almağa hesablanıb.
Qeyd edək ki, İran ABŞ vasitəçiləri üzərindən Hörmüz boğazının bir həftə ərzində açılması və danışıqların bərpasını nəzərdə tutan plan təqdim edib. Təklif çərçivəsində ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyaların yumşaldılması, dondurulmuş vəsaitlərin bir hissəsinin açılması və hərbi əməliyyatların dayandırılması kimi şərtlər irəli sürülüb. Tramp isə İranın təklifini qəbuledilməz hesab etdiyini bildirib. Bununla yanaşı, sentyabrın 28-də ABŞ və İran nümayəndələrinin vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar apardığı barədə məlumat yayılıb.
Politoloq hesab edir ki, Vaşinqtonun bu yanaşması yaxın perspektivdə də davam edə bilər. Onun fikrincə, noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərinə qədər Tramp İranla bağlı siyasətində danışıqlar imkanını tam bağlamamaqla yanaşı, neft qiymətlərinin kəskin yüksəlməsinin qarşısını almağa çalışacaq.
X.Cəfərli hesab edir ki, seçkilərdən sonra isə ABŞ-ın İranla bağlı hərbi siyasətinin sərtləşməsi ehtimalı arta bilər. Onun fikrincə, son sanksiyalar İran iqtisadiyyatına ciddi təzyiq yaradır və bu proses davam etdikcə ölkədə sosial-iqtisadi gərginlik də arta bilər.
Politoloqun qənaətinə görə, sanksiyaların daha da sərtləşdirilməsi İranın vəziyyətini noyabra qədər ağırlaşdıra bilər. Bu fonda hərbi əməliyyatların yenidən genişlənməsi İran daxilində xaos və sosial gərginlik riskini yüksəldə bilər. O, Trampın hazırkı siyasətinin də təxminən bu istiqamətdə formalaşdığını düşünür.
Bununla belə, ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə danışıqların davam etməsi hərbi eskalasiyanın yeganə mümkün ssenari olmadığını göstərir. Hazırda əsas mübahisə tərəflərin hansı ardıcıllıqla güzəştə getməsi, Hörmüz boğazının açılması, neft sanksiyaları və İranın nüvə proqramı ətrafındakı şərtlər üzərində cəmlənir.
Akif NƏSİRLİ