İranın cənub limanları ABŞ-nin dəniz blokadasına məruz qaldığı üçün Tehran neft ixracı və müxətlif malların idxalına alternativlər axtarır. Elə bu kontekstdə İranın şimal sahilindəki Xəzər dənizi ölkənin xarici dünyaya çıxışı üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bundan başqa, ölkəmizlə, eləcə də Ermənistanla sərhəd və Azərbaycanla dəmir yolu əlaqələri də daxil olmaqla Cənubi Qafqazdan keçən nəqliyyat yollarının əhəmiyyəti İran üçün birə-beş artır. Hətta Xəzərlə müqayisədə Cənubi Qafqazla dəmir yolu əlaqələri Tehran üçün daha böyük önəmə malikdir. Sovet dövründə nəqliyyat şəbəkəsinin bir hissəsi olan Culfa və Naxçıvandan keçən dəmir yolu isə hələ də bağlıdır. Onun mümkün bərpası Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlıdır.
Bu arada onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında İran və ABŞ arasındakı çıxılmaz vəziyyətə son qoymaq üçün göstərilən son səylər yenə uğursuz oldu. ABŞ prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını yenidən açmaq üçün irəli sürdüyü şərtlərin qəbuledilməz olduğunu bildirib. Eyni zamanda, Tramp noyabr ayında baş tutacaq aralıq seçkilərindən sonra İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi düşünür. Nəticədə ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibəyə son qoymaq üçün heç bir irəliləyiş görünmədiyindən, Tehran neft ixracı və zəruri malların idxalı marşrutlarında düzəlişlər edir. Nəticədə əsas diqqət ilk olaraq Xəzər dənizi üzərində fokuslanır. İranın dəniz ticarətinin əsas hissəsi ənənəvi olaraq cənub limanlarından keçib. Tehran hazırda Ənzəli, Əmirabad və Nouşəhr kimi şimal limanlarından istifadəsini artırır. İran hakimiyyət orqanlarının məlumatına görə, müharibənin başlanğıcından bəri şimal limanlarının həyati əhəmiyyətli malların daşınmasında payı 18%-dən 30%-ə qədər artıb. Lakin onların ümumi ötürmə qabiliyyəti cənub limanlarınkından xeyli aşağıdır: İran limanlarının 300 milyon tonluq tutumunun təxminən 30 milyon tonu şimalın payına düşür. Başqa bir problem də var: Xəzər dənizi dayazlaşır. Son onilliklərdə suyun səviyyəsi təxminən iki metr azalıb. Buna görə də şimal limanları indi əvvəlki kimi böyük tutumlu gəmiləri qəbul edə bilmir. İran Gəmiçilik Assosiasiyasının baş katibi Məsud Polmeh bildirir: “İranın şimal limanları bir vaxtlar 6000 tona qədər ağırlığında lövbər salan gəmiləri qəbul edə bilirdi. Su səviyyəsinin aşağı düşməsi səbəbindən indi onlar yalnız 4000 tonluq gəmiləri qəbul edə bilirlər. Rusiyanın Volqa çayı vasitəsilə Xəzər dənizinə daxil olan İran gəmiləri suyun səviyyəsinin aşağı olması səbəbindən ilişib qalır və bəzən heyətləri xilas edilənə qədər günlərlə və həftələrlə hərəkətsiz qalmağa məcbur olurlar”. Bununla belə, ABŞ-ın dəniz embarqosu və infrastruktura hava hücumları Tehranı ticarəti Xəzər dənizinə və quru sərhədlərinə keçirməyə məcbur edir. Hazırda şimaldakı logistikaya qarşı aktiv hərbi hücumlar olmasa da, marşrutlardakı dəyişikliklər İranın quru sərhədlərinə böyük təzyiq göstərir. Məsələn, Ermənistanla sərhəddəki Norduz sərhəd keçid məntəqəsində İrana daxil olmaq üçün bir neçə gün ərzində 1800-ə qədər yük maşını növbəyə düzülüb. Digər terminallarda isə İrana daxil olmaq üçün gözləmə müddəti 10-15 gün arasında dəyişir.
Bu arada, İran aviaşirkətlərinə qarşı sanksiyalar və nəticədə İranın Ermənistan və Türkiyə ilə quru sərhədlərinə sərnişin axını sərhəd terminallarında problemləri daha da artırıb. Şərqi Xəzər dəmir yolu marşrutu İran yüklərinin Türkmənistan, Qazaxıstan və Çinə daşınması üçün əlaqə təmin edir. Lakin İranın Cənubi Qafqaz regionu ilə dəmir yolu yük daşımaları əlaqələri Birinci Qarabağ müharibəsi zamanı kəsilib və hələ də bağlı qalır. İranlı tədqiqatçı Vəli Kaleji bu fonda qeyd edir: “Cənubi Qafqazda Sovet dövründən qalma dəmir yolu şəbəkəsinin bir hissəsi olan Culfa-Naxçıvan dəmir yolu var. Bu marşrutun dirçəldilməsi də Ermənistan və Azərbaycan arasında sülh prosesindən, xüsusən də TRIPP layihəsinin həyata keçirilməsindən asılıdır. Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca tranzit və ticarətin böyük bir hissəsi bu marşrut vasitəsilə həyata keçirildiyindən, İranla Cənubi Qafqaz arasında dəmir yolu əlaqəsinin olmaması, xüsusən də cənubda dəniz blokadasının güclənməsi şəraitində ticarət və tranzit həcminin sürətləndirilməsi və artırılması üçün əsas maneə olaraq qalır”. Beləliklə, görünən odur ki, İranın Cənubi Qafqazla dəmir yolu əlaqəsinin səmərəli şəkildə qurulması üçün Tehranın daim əleyhinə çıxdığı TRIPP layihəsinə ehtiyacı artır. Cənubi Qafqazla dəmir yolu əlaqəsinin olmaması Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb qolu boyunca ticarət və tranzitin artmasına da mane olan amillərdən biri olaraq qalır. İran həmçinin Şimal-Cənub Dəhlizinin qərb qolunu Azərbaycan və Rusiya ilə birləşdirməyi nəzərdə tutan Rəşt-Astara dəmir yolunun tikintisini də irəli aparmağa çalışır. Amma Cənubi Qafqazla səmərəli dəmir yolu üçün İranın TRIPP layihəsinə ehtiyacı var və rəsmi İrəvan da Tehranın bu marşrutdan istifadəsi üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirir.
Tahir TAĞIYEV