Məşhur amerikalı jurnalist Taker Karlson Vaşinqton administrasiyasının İsrailə milyardlarla dollarlıq ağır silahlar göndərməsini kəskin tənqid edərək, bu əməliyyatın satış deyil, hədiyyə olduğunu bildirib.
İsrailə ötürülən sursatın miqyasına diqqət çəkən Karlson, qərarı təsdiqləyən Konqres üzvlərinin, eləcə də səfirlik rəsmilərinin İsrail tərəfdarı lobbiçilik fəaliyyəti ilə dərin əlaqələrinin olduğunu bildirib.
"Bu, silah satışı deyil; bu, hər biri təxminən 900 kiloqram ağırlığında olan 40 min bomba hədiyyəsidir. Bunun miqyasını müasir bir zehn üçün anlamaq olduqca çətindir. Bu, 1945-ci ilin avqustunda Xirosima şəhərinə atılan "Little Boy" atom bombasının dağıdıcı gücündən altı dəfə çoxdur" – deyə Karlson bildirib.
İsrailin bu sursatı öz büdcəsi ilə almadığını deyən Karlson, Konqres tərəfindən ayrılan vəsait hesabına sözügedən sursatın İsrailə tamamilə pulsuz çatdırıldığını iddia edib.
ABŞ ordusunun sursat ehtiyatlarında ciddi çatışmazlıqlar yaşadığını xatırladan Karlson deyib: "Amerika ordusunun sursatı o qədər azdır ki, manevr imkanlarımız tamamilə məhduddur, çünki kifayət qədər sursatımız yoxdur. Belə bir vaxtda bu yardımın göstərilməsi vəziyyətin ciddiliyini açıq şəkildə ortaya qoyur".
Silah göndərilməsi ideyasının ABŞ-ın Qüdsdəki səfirliyindən qaynaqlandığını bildirən Karlson, səfir Mayk Hakabinin radikal xristian olduğunu və səfirliyi idarə edən müavininin isə Mark Levinin ögey oğlu olduğunu deyib.
Vəziyyətin izah edilə bilməyəcək qədər konkret və açıq olduğunu iddia edən Karlson daha sonra deyib: "Burada şahidi olduğumuz şey, dünyanın ən güclü ölkəsi olmalı olan bir dövlətin doqquz milyon əhalisi olan və heç təbii sərvətləri olmayan bir ölkə tərəfindən idarə olunmasıdır. Bu açıq-aşkar görünən reallığı izləmək heyrətamizdir. Baş verənləri inkar edib reallığı yenidən yazmaq istəsələr belə, bu, tam həqiqətdir".
Tahir TAĞIYEV