Bəhruz Quliyev:"Bu hadisəni qızışdıran maraqlı üçüncü tərəf..."
Son dövrlərdə Türkiyə mediasında və sosial media platformalarında Azərbaycana qarşı tənqid, ittiham və dezinformasiya kampaniyaları aparılır. Belə ki, Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı irəli sürülən ittihamlar əsasən bu mövzuları əhatə edir. Türkiyə mediasında (xüsusilə mühafizəkar və müxalif yönümlü platformalarda) Azərbaycanın İsrail ilə sıx strateji və iqtisadi əlaqələri tez-tez tənqid hədəfinə çevrilir. BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda qalması və digər diplomatik addımlar Türkiyənin bəzi media dairələrində sərt reaksiyalarla qarşılanmışdır. Türkiyə media orqanlarında Azərbaycana qarşı kampaniya aparılır, müəyyən adamlar mətbuat vasitəsilə Azərbaycanı ittiham edirlər. Bu da sözsüz hakimiyyətdən, AKP hökumətindən idarə olunur. Yəni əksər ekspertlər bu fikirdədilər ki, yazılanların qarşısı alınmırsa, buna "dur" deyilmirsə demək yuxarıdan idarə olunur. Onların əsas ittihamları odur ki, Netanyahu BMT də çıxış edərkən Türkiyənin nümayəndə heyəti zalı tərk edib, Azərbaycan nümayəndə heyəti zaldan niyə çıxmayıb? Bu nə deməkdir? Hər bir ölkənin özünün müstəqil siyasəti var. Azərbaycan Türkiyə qardaşlığı o demək deyil ki, Türkiyənin siyasətini təkrar edək. Netanyahu ilə Ərdoğanın münasibətlərinin necə olmasının bizə aidiyyəti yoxdur. Azərbaycan öz qardaşlıq borcunu yerinə yetirir. Bu qardaşlıq da heç də o demək deyil ki, biz də BMT tribunasından düşüb Türkiyə nümayəndə heyətinin arxasınca getməli idik. Bu cür iddialar əsasında Azərbaycana qarşı aparılan bu kampaniyaların arxasında nə dayanır? "BMT Baş Assambleyasındakı məlum epizodla bağlı bəzi Türkiyə media orqanlarında Azərbaycanın mövqeyinə dair suallar səsləndirilir. Xüsusilə, Türkiyə nümayəndə heyəti İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etdiyi halda, Azərbaycan nümayəndə heyətinin niyə bunu etmədiyi müzakirə olunur. Hesab edirəm ki, bu məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Türkiyənin nümayəndə heyətinin zalı tərk etməsi onun həmin anda nümayiş etdirdiyi siyasi-diplomatik mövqedir və buna hörmətlə yanaşmaq lazımdır. Azərbaycanın zalda qalması isə Azərbaycanın öz diplomatik yanaşmasıdır. Burada hər iki dövlətin mövqeyinin fərqli olması təbii qəbul edilməlidir" Bu fikirləri baki-xeber.com-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, Azərbaycan və Türkiyə strateji müttəfiq və qardaş dövlətlərdir. "Amma bu, bütün beynəlxalq məsələlərdə hər iki ölkənin mütləq eyni diplomatik addımı atması demək deyil. Hər bir dövlət konkret situasiyanı öz milli maraqları və xarici siyasət prioritetləri baxımından qiymətləndirir. Azərbaycanın Türkiyə ilə münasibətlərinə baxanda bunu xüsusilə nəzərə almaq lazımdır. Azərbaycan Türkiyənin həssas məsələlərində hər zaman öz mövqeyini ortaya qoyub, Türkiyənin yanında olub. Eyni zamanda, Türkiyədən də Azərbaycanın müstəqil qərarlarına və diplomatik seçimlərinə anlayış göstərməsi gözlənilir. Ona görə də BMT-dəki bu hadisəni Azərbaycan-Türkiyə münasibətlərinə təsir edən böyük bir fikir ayrılığı kimi təqdim etmək doğru olmaz. Bir diplomatik jestin fərqli olması iki ölkənin strateji münasibətlərinin mahiyyətini dəyişmir. Məncə, burada əsas məsələ fərqli mövqeləri qarşıdurma predmetinə çevirməməkdir. Azərbaycan Türkiyənin mövqeyinə hörmət edir, Türkiyənin də Azərbaycanın müstəqil mövqeyinə hörmət etməsi münasibətlərimizin sağlamlığı baxımından vacibdir. Qardaşlıq hər məsələdə eyni addımı atmaq deyil, fərqli mövqelərə də qarşılıqlı hörmətlə yanaşmağı bacarmaqdır. Bu hadisəni qızışdıran maraqlı üçüncü tərəf isə anlamalıdır ki, bu cür kampaniyalarla Türkiyə - Azərbaycan dostluq və qardaşlığına xələl gətirmək mümkün deyil. "-deyə, B.Quliyev əlavə edib. İradə SARIYEVA