Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu çərçivədə 2 ildən artıqdır həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.
Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil edilir. Təşəbbüsün əsas məqsədi şəhərin piyada zonalarının arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz mühitin formalaşdırılması, eləcə də ərazinin turizm və biznes potensialının artırılmasıdır.
Əvvəlki qaydada olduğu kimi, fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək. Bununla yanaşı, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə müvafiq iş aparılacaq, onlara zəruri dəstək göstəriləcək.
Qaydaların tətbiqinə oktyabrın 5-dən etibarən test rejimində başlanılması nəzərdə tutulur.
ZÜMRÜD