Ermənistanlı ekspert Tatev Ayrapetyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində İrəvana planlaşdırılan azərbaycanlı ekspertlərin səfərinin təxirə salınmasını şərh edərkən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə və ekspertlərə qarşı bir sıra ittihamlar səsləndirib. O, azərbaycanlı iştirakçıları müstəqil vətəndaş cəmiyyəti təmsilçiləri deyil, dövlət mövqeyini ifadə edən "təbliğatçılar" kimi təqdim edib, onların Ermənistanla bağlı mövqelərini də tənqid edib. Ayrapetyan həmçinin Bakını Ermənistan əleyhinə informasiya fəaliyyətini gücləndirməkdə ittiham edib. Qeyd olunur ki, tərəflər arasında bu formatda görüşlər 2025-ci ildən davam edir və sonuncu görüş 2026-cı ilin aprelində Qəbələdə keçirilib.
Ermənistan tərəfinin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekspertləri haqqında onların siyasi sifarişlə hərəkət etdikləri, hakimiyyət tərəfindən idarə olunduqları, cəmiyyətdə nüfuzlarının olmadığı və yalnız anti-Ermənistan təbliğatı apardıqları barədə ittihamları fonunda belə bir sual yaranır: qarşı tərəfdə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə bu qədər yüksək səviyyədə etimadsızlıq varsa, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında aparılan dialoqun real məzmunu və praktik əhəmiyyəti qalırmı? Belə yanaşma şəraitində bu görüşlərin davam etdirilməsi sülh prosesinə töhfə verə bilərmi?
Zeynal Əmrəliyev: "Etimad mühiti olmayacaqsa, səfərlərin də elə bir mahiyyəti yoxdur"
Politoloq Zeynal Əmrəliyev "Bakı-Xəbər" qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan ekspertləri, ziyalıları arasında qarşılıqlı səfərlərin və görüşlərin davam etdirilməsinin iki cəmiyyət arasında etimad mühitinin formalaşması baxımından əhəmiyyətli olduğunu bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri yeni proses deyil. Onun sözlərinə görə, xüsusilə 2020-ci il Vətən müharibəsindən əvvəl də iki ölkənin ziyalıları və ekspertləri arasında müxtəlif təmaslar olub: "Ümumilikdə, bu cür görüşlər əvvəllər də baş tutub. Məsələn, müharibədən əvvəl, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə iki ölkənin ziyalılarının qarşılıqlı səfərləri həyata keçirilirdi. Hətta bildiyim qədərilə, həmin nümayəndələr birlikdə işğal altında olan ərazilərə də səfər etmişdilər. Ona görə də bu cür təmasları tamamilə yeni hadisə kimi qiymətləndirmək düzgün olmaz".
Z.Əmrəliyev hesab edir ki, bu səfərlərin əsas məqsədi yalnız fikir mübadiləsi aparmaq deyil, eyni zamanda tərəflər arasında etimad mühitinin formalaşdırılmasına töhfə verməkdir. O bildirib ki, siyasi və diplomatik müstəvidə əldə olunan razılaşmaların cəmiyyətlər tərəfindən qəbul edilməsi üçün insanlar arasında da müəyyən qarşılıqlı anlaşma yaranmalıdır.
"Burada əsas məsələ etimad mühitinin yaradılmasıdır. Əgər etimad mühiti olmayacaqsa, səfərlərin və görüşlərin də mahiyyəti azalır. Qarşımdakı insan mənə etimad göstərmirsə, onunla keçirilən müzakirənin hansı nəticəni verəcəyini sual etmək olar. Ona görə də bu cür təmasların əsas məqsədlərindən biri qarşı tərəfi dinləmək, onun mövqeyini anlamaq və mövcud stereotiplərin aradan qaldırılmasına şərait yaratmaqdır", - deyə politoloq vurğulayıb.
Politoloq Azərbaycan ekspertlərinin Ermənistan tərəfinin müəyyən dairələrində siyasi sifarişlə hərəkət edən şəxslər kimi təqdim edilməsinə də münasibət bildirib. Z.Əmrəliyev bu yanaşma ilə razı olmadığını deyib və səfərlərdə iştirak edən azərbaycanlı ekspertlərin böyük əksəriyyətini şəxsən tanıdığını qeyd edib.
"Mən, əlbəttə, erməni ekspertin bu fikri ilə qəti şəkildə razı deyiləm. Həmin səfərlərdə iştirak edən şəxslərin böyük əksəriyyəti ilə, demək olar ki, hamısı ilə şəxsi münasibətlərim var. Onların kifayət qədər öz idealları, öz fikirləri və mövqeləri olan insanlardır. Eyni zamanda Azərbaycanın dövlətinə və dövlətçiliyinə bağlı şəxslərdir. Bu insanların siyasi sifariş yerinə yetirdiyini və ya hansısa başqa məqsədlə fəaliyyət göstərdiyini söyləmək doğru deyil", - deyə o bildirib.
Z.Əmrəliyev qeyd edib ki, ekspertlərin və ziyalıların öz mövqelərinin olması onların dövlətçilik mövqeyindən uzaqlaşması anlamına gəlmir. Əksinə, onun fikrincə, müxtəlif məsələlər üzrə fikir mübadiləsinin aparılması sülh prosesinin ictimai dayaqlarının gücləndirilməsinə xidmət edə bilər.
Ekspert qeyd edib ki, səfərlərdə iştirak edən azərbaycanlı ekspertlər analitik potensiala malik və sülh gündəliyinin inkişafında maraqlı olan şəxslərdir: "Onların hər birinin öz mövqeyi, öz düşüncəsi var və onlar fikirlərini ifadə edirlər. Eyni zamanda bu insanların əsas məqsədlərindən biri sülh gündəliyinin daha da inkişaf etdirilməsi və iki cəmiyyət arasında qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verməkdir".
Politoloq hesab edir ki, Ermənistan cəmiyyətində Azərbaycan nümayəndələrinin bu cür təmaslarda iştirakına şübhə ilə yanaşılması gələcək dialoqun imkanlarını məhdudlaşdıra bilər. Onun fikrincə, qarşılıqlı səfərlərdən imtina etmək əvəzinə, bu platformaları genişləndirmək və daha çox ekspert, ziyalı, media nümayəndəsi və vətəndaş cəmiyyəti təmsilçisini prosesə cəlb etmək daha konstruktiv yanaşma ola bilər.
"Əgər qarşı tərəf bizim ekspertlər haqqında bu cür düşünürsə, bundan sadəcə təəssüf etmək olar. Ancaq hesab edirəm ki, bundan ən çox itirən tərəf Ermənistan cəmiyyəti olar. Daha yaxşı olar ki, münasibətlərin dərinləşdirilməsi istiqamətində addımlar atsınlar. Ekspertlərin, ziyalıların qarşılıqlı səfərləri və fikir mübadiləsi ümumilikdə faydalı prosesdir. Gələcəkdə bunu daha geniş platformalarda da inkişaf etdirmək mümkündür. Qarşılıqlı təmasların artırılması tərəflərin bir-birini daha yaxşı anlamasına şərait yarada bilər”, - deyə Z.Əmrəliyev bildirib.
Politoloq əlavə edib ki, Azərbaycan müharibədən sonrakı dövrdə də sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Onun sözlərinə görə, sülh yalnız dövlətlərarası sənədlərin imzalanması ilə yekunlaşan proses deyil. Davamlı sülh üçün cəmiyyətlər arasında da qarşılıqlı etimad və anlaşma mühiti formalaşmalıdır.
"Azərbaycan müharibədən sonrakı dövrdə də sülh gündəliyinə sadiq qalıb. İstər Azərbaycan dövləti, istərsə də Azərbaycan cəmiyyəti baxımından sülhün əldə olunması və münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılır. Bu prosesin cəmiyyətlərarası müstəviyə keçməsi də vacibdir. Çünki uzunmüddətli sülh üçün təkcə siyasi qərarlar deyil, insanlar arasında qarşılıqlı anlaşma və etimad da lazımdır", - deyə Z.Əmrəliyev vurğulayıb.
Dəniz NƏSİRLİ