Qasım Hacıyev: “Bunları sübut etməyə onların heç bir elmi dəlili, əsası yoxdur, bütün tarixi mənbələr ermənilərinin yalanlarını ifşa edir”
Albaniya Katolikosluğu təxminən 15 əsr (1500 il) boyu öz muxtariyyətini və fasiləsiz fəaliyyətini qoruyub saxlaya bilib. Albaniya (Agvan) Katolikosluğu on beş əsr ərzində fasiləsiz mövcud olub. Tarixin müxtəlif dövrlərində, V əsrdən XIX əsrə qədər Çola və Bərdədən sonra Gəncəsər, eləcə də Ağoğlan, və Xudavəng monastırları Alban patriarxlarının iqamətgahları olubdur.
Yəni bu dövr V əsrdən XIX əsrə qədər olan geniş bir zaman kəsiyini əhatə edir.
Bu faktlar Alban kilsəsinin Azərbaycanın qədim dövlətçilik və din tarixində nə qədər köklü və davamlı bir irsə sahib olduğunu göstərir.
Bütün bu faktlar ortada olduğu halda ermənilər bu irsi necə mənimsəyə bilər?!...
Qafqaz Albaniyası irsinin, o cümlədən 1500 illik Alban Patriarxlığının iqamətgahlarının və məbədlərinin erməniləşdirilməsi XIX əsrdə Qarabağ və ətraf bölgələrin Rusiya İmperiyası tərəfindən işğalından sonra planlı şəkildə həyata keçirilib.
Traixçilər qeyd edirlər ki, bu mənimsəmə prosesi müəyyən tarixi və siyasi addımlarla baş verib.
Çar Rusiyası 1836-cı ildə xüsusi bir fərmanla müstəqil Alban Avtokefal Kilsəsini rəsmən ləğv etdi. Onun bütün mülkləri, iqamətgahları və idarəçiliyi Eçmiəddin (Erməni Qriqorian) Kilsəsinə tabe etdirildi. Bu, mənimsəmənin ən mühüm hüquqi və siyasi zəmini oldu.Tarixi sənədlərin və kitabələrin məhv edilməsi məsələsi də burada ayrıca yer tutur.
Alban kilsəsinin arxivləri Eçmiəddinə aparıldı və orada alban dilində olan qədim əlyazmalar məhv edildi və ya erməni dilinə tərcümə olunaraq saxtalaşdırıldı. Məbədlərin (məsələn, Gəncəsər və Xudavəng monastırlarının) üzərindəki alban daş kitabələri, xristian rəmzləri və xaçdaşları qanunsuz şəkildə yonularaq erməni yazıları və elementləri ilə əvəz olundu. Əhalinin qriqorianlaşdırılması məsələsinə onlar xüsusi fikir verirdilər.
Kilsənin ləğvindən sonra Qarabağda yaşayan xristian albanların bir hissəsi (xüsusilə dağlıq hissədəkilər) erməni kilsəsinin təsiri altında tədricən erməniləşdi (qriqorianlaşdı), düzənlikdəki albanlar isə İslamı qəbul edərək Azərbaycan türkləri ilə qaynayıb-qarışdılar.
Alban Patriarxlığının sonuncu iqamətgahı olan Gəncəsər monastırı (Kəlbəcər rayonu ərazisindəki Xudavəng və digər mühüm kilsələrlə birlikdə) erməni kilsəsi tərəfindən "qədim erməni məbədləri" kimi dünyaya təqdim edilməyə başlandı.
Azərbaycan dövləti və alim-tarixçiləri, məsələn, Ziya Bünyadov, Fəridə Məmmədova və başqaları bu tarixi saxtakarlığı ifşa etmək üçün böyük araşdırmalar apardılar.
Bu gün işğaldan azad edilmiş ərazilərdəki həmin məbədlər Azərbaycanın tarixi-mədəni irsi və Qafqaz Albaniyasının yadigarları kimi qorunur və onların əsl tarixi kimliyi bərpa olunur.
Tarix elmləri doktoru, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, Azərbaycan alimlərinin uzunmüddətli araşdırmaları nəticəsində erməni saxtakarlığı ifşa olunur. “Albanşünasların öyrəndiyi mənbələr, tədqiqat əsərləri, yazılmış kitablar və məqalələr onu göstərir ki, həqiqətən də Azərbaycanda mövcud olan xristian abidələri, monastırlar, kilsələr və digərləri Azərbaycan xalqının ulu əcdadlarının yaratdığı irsdir. Ermənilər ümumiyyətlə Albaniya adında dövləti qəbul etmir. Baxın, görün, bu nə qədər cəfəngiyyat, nə qədər mənasız bir iddiadır, fikirdir. Tarixdə adı olan, xəritələrə düşmüş və tarixi abidələrlə zəngin olan bu ərazinin Albaniya dövləti olmasını belə, ermənilər riyakarcasına inkar edirlər. Albaniyanın, alban abidələrinin xarakteri haqqında qısa da olsa, məlumat verək. Alban xristian abidələri tamamilə ermənilərin sonradan haradansa yaratdığı monastır və kilsələrdən köklü şəkildə fərqlənir. Həm qurluşuna, həm yerləşdiyi yerə görə fərqlidir. Şərq-qərb istiqamətdəki yerləşmə üsuluna, xaçlarına, üzərindəki ornamentlərə və ətrafında olan tikililərin yerləşmə üslubuna görə alban xristian abidələri erməni abidələrindən fərqlənir. Faktiki olaraq erməni abidələri son dövrlərdə yaranmış abidələrdir. Necə ki, onlar orta əsrlərdən sonra bir tayfa, bir dini qurum olaraq meydana çıxdıqları kimi, onların abidələri də sonradan yaradılıb. Bunların ən “qədimi” XVII-XVIII, XIX əsrlərə aiddir. Amma alban xristian abidələri Azərbaycan ərazisində eramızın V əsrindən, hətta IV əsrdən mövcuddur. Yəni xristianlıq dini qəbul edildikdən sonra bu tikililər kiçik sövmələrdən, kiçik ziyarətgahlardan başlayaraq sonradan monastırlara, kilsələrə çevrilib. Bu da XIX qədər öz missiyasını davam etdirib, öz səlahiyyətini saxlayıb, insanların ibadət yerinə çevrilib. Hətta deyərdim ki, dövlət qədər də xalqı idarəetmədə iştirak edib. Əvvəl Alban patriarxlarının iqamətgahı Çola şəhərində olub, sonra oradan Bərdə şəhərinə köçürülüb. Bərdə paytaxt olandan sonra uzun müddət burada fəaliyyət göstərib. X əsrin ortalarında Bərdə dağılandan sonra köçürülüb. Yəni Alban xristian kilsəsinin iqamətgahı Bərdədə dağılana qədər orada yerləşib və orada dini mərasimlər, dini tədbirlər keçirilib, ibadəti idarə etmək üçün patriarxlıq orada orada bərqərar olub.
Bərdə dağılandan sonra Alban patriarxlarının iqamətgahı Gəncəsər olub. Ağdərədə nəhəng Gəncəsər monastrı inşa olunub. Gəncəsər monstrı Qarabağ bölgəsində dini adətlərin icra olunması üçün mərkəz olub. Ondan sonra Ağoğlan, Amaras kilsələri tikilib, meydana çıxıb. Sonra Xudavəng inşa olunub. Bu xristian abidələri, monastırları meydana çıxıb və orada patriarxlıq iqamətgahı bərqərar olub, yenə də dini rəhbərliyi həyata keçirib. Bu, hesablayanda 1500 ildən artıq bir dövrü əhatə edir. Xristian abidələri təkcə Qarabağda yox, Azərbaycanın digər yerlərində, Qəbələdə, Zaqatalada, Gəncə ətrafında və sairə yerlərdə də mövcud olub ki, bunları isə ermənilər görməməzlikdən gəlirlər. Vaxtilə Rus imperiyasının onlara həm yaşamaq, həm də tədiqat üçün yaratdığı şəraitdən istifadə edərək Qarabağı ayrıraraq “erməni xristian mərkəzi” hesab edirlər və bugünə qədər də o iddianı tutuquşu kimi təkrarlamaqda davam edirlər. Amma bir daha nəzərə almaq lazımdır ki, təkcə Qarabağda yox, alban xristian abidələri Şəki, Zaqatala, Qəbələ, Gəncə, Gəncəətrafı ərazilərdə də olub. Təəssüf ki, indi çoxu dağı-dağılıb gedib. Amma bu ərazilərin əksəriyyətində Albaniya dövründə xristian abidələri mövcud olub və öz memarlıq üslubunu son dövrlərə qədər saxlayıb”. Q.Hacıyev təəssüflə qeyd etdi ki, işğal dövründə ermənilər Qarabağdakı alban abidələrini söküb, dəyişdirib, digər bir şəkilə salaraq saxtakarcasına erməniləşdirməyə çalışıb. “Bir sözlə, çökə biliklərini söküblər, əksəriyyətini dəyişdiriblər, saxtalaşdırıblar və bununla da onları “erməni abidəsi” kimi qələmə verməyə çalışırlar. Hətta indi xatırladım ki, Şəmkir və Gədəbəyin bir çox yerlərində də alban xristian abidələri var. Goranboy ərazisində var. Yəni həm Qarabağda, həm Gəncəbasarda, həm də şimal-cənub-qərbi Azərbaycan ərazisində alban-xristian abidələri olmuşdur. İndi də o abidələrin izləri, bünövrələri qalmaqdadır. Ermənilərin isə bu iddiaları tamamilə cəfəngiyyatdır. Bunları sübut etməyə onların heç bir elmi dəlili, əsası yoxdur, bütün tarixi mənbələr ermənilərinin yalanlarını ifşa edir.
Həm mənəvi, həm hərbi, həm də inkişaf baxımından bizdən geridə qalan ermənilərin getdikcə böhtanlarının sayı artır, revanşizmə qoşulurlar və bu da heç bir nəticə vermir. Ermənilərin bu saxtakarlığına, əsassız iddlarına baxmayaraq, alban-xristian abidələrinin Azərbaycan xalqına məxsus olduğu təsdiqini tapıb. Ərazimizdə xristianlıqdan əvvəlki dövrdə tanrıçılıq olub. Ondan sonra xristianlığı qəbul eləyərək xristianlıq dininə keçmişik. Bizim xalqımız, millətimiz, etnosumuz bu dinə keçib, islam dini yayılandan da sonra müsəlmanlığı, islamı qəbul edib. Beləliklə, hansı dinə sitayiş olunmasına baxmayaraq, Azərbaycan ərazisində yaradılmış bütün abidələrin hamısı Azərbaycan xalqına məxsusdur”-deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA