Albaniya dövründə Azərbaycanın pul vahidləri, sikkələri mövcud idi. Qədim Qafqaz Albaniyası dövründə Azərbaycan ərazisində ticarət əlaqələri inkişaf edib və bu da daxili bazarda yerli pul vahidlərinin və sikkələrin yaranmasına səbəb olub. Azərbaycan ərazisində e.ə. III əsrdən başlayaraq XIX əsrə qədər çox zəngin və rəngarəng pul dövriyyəsi mövcud idi. Qədim dövrdə (e.ə. III əsr – eramızın III əsri) Azərbaycanda-Albaniya və Atropatena dövlətlərində pul kəsilməsi və dövriyyəsi Makedoniyalı İsgəndərin yürüşlərindən sonra geniş vüsət alıb.
Arxeoloji tədqiqatlar nəticəsində, dəfinə və tək şəkildə aşkar edilmiş numizmatik materialların analizi Azərbaycan ərazisində pul dövriyyəsinin e.ə. VII–VI əsrlərdə yaranmasını təsdiq edir. Y. A. Paxomovun fikrincə, Albaniya ərazisində pul dövriyyəsi e.ə. III əsrin əvvəllərində meydana çıxmışdır. Burada dövr edən pullar Makedoniyalı İskəndərin adından Suriya, Mesopotamiya və Kiçik Asiyada zərb edilmiş gümüş draxma və tetradraxmalar olmuşdur. E.ə. III əsrin sonu – II əsrin əvvəllərində Albaniyada pul-əmtəə münasibətlərinin inkişafı ilə əlaqədar olaraq sikkələrə tələbat artdığından yerli zərbxanalar fəaliyyətə başlamışdır. Yerli zərbxanalarda Makedoniyalı İskəndərin sikkələrinə oxşar gümüş sikkələr zərb edilmişdir. Bu sikkələr bədii baxımdan zəif tərtib edilmiş, sikkənin üzərində Makedoniyalı İskəndərin portreti, arxa tərəfində isə Zevsin kobud təsviri verilmişdir. Sonrakı dövrlərdə Albaniyanın pul dövriyyəsində Selevki, Frakiya, Viflniya, Pont, Baktriya, Afina sikkələrindən də istifadə edilmişdir. E.ə. II əsrdən başlayaraq Albaniya ərazisinə pont, arşaki və roma sikkələri də daxil olmağa başlamışdır. 1897-ci ildə Gülüstanda, 1925–1929-cu illərdə Bərdədə, 1933-cü ildə Ordubadda, 1958-ci ildə Xınıslıda, 1964-cü ildə Zəngilanda, 1966-cı ildə Qəbələdə antik dövrə aid gümüş pul dəfinələrinin aşkar edilməsi Albaniyada pul-maliyyə münasibətlərinin yüksək inkişafından xəbər verir. Azərbaycan VII əsrdə ərəb istilasına məruz qaldıqdan sonra Xilafətin pul dövriyyəsinə qatılır. IX–XI əsr Azərbaycan Feodal dövlətlərində, O cümlədən Şirvanşahlar – Məzghidlər, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin sikkələri, xüsusən də gümüş dirhəmlər nəinki Azərbaycanın daxili bazarının tələbatını ödəyir, hətta Qafqazda Xilafət sikkələri ilə yanaşı bir növ beynəlxalq pul vahidi rolunu da oynayırdı. XV–XVI əsrlərdə Şirvanşah sikkələri – tənqələr bütün Qafqazda ödəniş vasitəsi hesab edilirdi. Ölkənin cənubunda isə bir-birinin ardınca türkdilli sülalələr Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti meydana çıxırdı. Həmin dövlətlər gümüş və qızıl sikkələr kəsirdi. XVI əsrin əvvəlində Səfəvilər dövlətində buraxılan 9,4 qramlıq ağır gümüş sikkələr müəyyən mənada həmin dövlətin iqtisadi gücünə dəlalət edirdi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə görə Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə keçdikdən sonra xanlıqlara sikkə kəsməyə qadağa qoyuldu. Azərbaycan ümum-Rusiya pul dövriyyəsinə daxil edildi. Azərbaycan ərazisində arxeoloji axtarışlar zamanı aşkar edilən müxtəlif dövrlərə aid pul nümunələri bu gün tarixi irsimiz kimi qorunur.
Tədiqatçıların yazdığına görə, üzərində kleoparenın təsviri olan gümüş tetradraxma (Azərbaycan Tarix Muzeyi) Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif bölgələrdə yerləşən arxeoloji abidələrin antik və erkən orta əsrlər qatlarından Qafqaz Albaniyasında istifadə edilmiş yüzlərlə sikkə nümunələri əldə edilib. Həmçinin Qəbələ, Torpaqqala, Xınıslı, Mingəçevir arxeoloji qazıntıları zamanı sikkə dəfinələri də aşkarlanmışdır.
Arxeoloji qazıntılar zamanı Qafqaz Albaniyası ərazisindən aşkar edilmiş ən erkən sikkə nümunələri Makedoniyalı İsgəndərin adından kəsilmiş draxma və tetradraxmalardır. Tədiqatçılara görə, sonrakı dövrlərdə isə Albaniyada Makedoniyalı İsgəndərin sikkələrinə bənzər yerli təqlidi sikkələr meydana gəlib.
Bundan başqa Qafqaz Albaniyasında Roma imperiyası, Parfiya və Bizans hökmdarlarının sikkələrindən, həmçinin yerli hökmdarların adlarından kəsilmiş sikkələrdən istifadə edilib.
Albaniya dövləti yaranana qədər Azərbaycanda ticarət uzun müddət sadə əmtəə mübadiləsi formasında aparılıb. Başqa ölkələrdə olduğu kimi, burada da tədricən pul funksiyasını yerinə yetirən, başqa əmtəələr üçün dəyər ekvivalenti olan əmtəələr meydana gəlib. Qədim Albaniyada sikkə zərb olunanadək ümumi ekvivalent funksiyasını kauri balıqqulağı, mal-qara, metal külçələri və başqa mallar yerinə yetirirdi.
Alimlərə görə, uzun müddət elmdə belə bir fikir hökm sürürdü ki, albanlarda pul tədavülü olmamışdır. Bu rəyi söyləyənlər Strabonun sözlərinə istinad edirdilər: "Onlarda (albanlarda) adətən zərb edilmiş sikkə işlənmir, onlar 100-dən o yana say bilmədiklərindən ancaq mübadilə ticarəti ilə məşğul olurlar". Alimlər qeyd edirlər ki, lakin Azərbaycanda tapılan çoxlu numizmatik materiallar və bu materialların öyrənilməsi göstərdi ki, Albaniyada pul tədavülü, görünür, e.ə. IV əsrin axırlarında – III əsrin əvvəllərində başlanmışdır. Tapıntılar əsasında antik dövrdə Albaniyanın pul tədavülünü iki tarixi mərhələyə bölmək olar. Birinci mərhələ hellinizm dövrünü, yəni e.ə. IV əsrin axırlarından e.ə. I əsrin ortalarına qədərki dövrü, ikinci mərhələ isə e.ə. I əsrin ortalarından eramızın III əsrinin ortalarına qədər olan dövrü əhatə edir. Hellinizm dövrünə aid Azərbaycanda bir neçə pul dəfinəsi tapılmışdır. Bunlardan biri Bərdə dəfinəsidir. Dəfinə Makedoniyalı İsgəndərin, Selevki hökmdarlarının sikkələrindən ibarətdir. Şamaxı yaxınlığında Xınıslı kəndinin ətrafında tapılan dəfinə daha böyük olmuşdur. Bu dəfinədən 300-dən çox sikkə toplamaq mümkün olmuşdur.
Bunları tədiqatçılar yazıb.
BDU-nun “Arxeologiya və etnoqrafiya” kafedrası, tarix üzrə fəlsəfə doktoru, dosent Qənirə Pirquliyevanın həmmüəllifi olduğu “Numizimatikanın əsasları” kitabında qeyd olunur ki, Azərbaycan ərazisində e.ə. III əsrdən XIX əsrə qədər fərqli tarixi dövrlərdə müxtəlif pullar və pul vahidləri dövriyyədə olmuşdur. Ölkənin numizmatika tarixinə əsasən, bu dövrlər üzrə əsas pul vahidləri və sikkələr ardıcıl xronologiya ilə qruplaşdırılır. Birinci dövr (e.ə. III – b.e. III əsrləri) Makedoniyalı İskəndərin sikkələrinə bənzətmələrdən danışılır.
E.ə. III əsrin əvvəllərindən etibarən Albaniya və Atropatena ərazisində Makedoniyalı İskəndərin adından kəsilən pullara bənzər yerli gümüş sikkələr zərb edilməyə başlanmışdır.
Qənirə Pirquliyevanın “Parfiya və Azərbaycanın erkən dövlətlərinin iqtisadi əlaqələrinin tarixşünaslığından” məqaləsində Albaniya dövründən də bəhs edilir.
Məqalədə Azərbaycanın ilk dövlətlərindən olan Qafqaz Albaniyası və Atropatenanın Şərqin İsgəndərdən sonra yaratdığı ən güclü dövlətlərdən olan Arşakilər-Parfiya tərkibində olduğu zaman
haqqında tarixşünaslıqda mövcud olan bəzi mühüm məlumatlar öz əksini tapıb.
“Azərbaycanın-Qafqaz Albaniyasının və Atropatenanın antik dövr tarixində hələ də bir çox problemlərin elmdə öz həllini tapmadığı dövr Parfiya-Arşakilər zamanıdır. Amma tariximizdən təxminən 500 ili tam olaraq, öyrənmədən bizlər, həm də ilkin dövlətlərimizin mühüm tarixi məsələlərini, o cümlədən iqtisadi münasibətlərini araşdıra bilmirik. Bu o deməkdir ki, Parfiya tarixini olduğu kimi araşdıra bilməsək, öz tariximizin təxminən yarım minillik dövrünü öyrənə bilmərik.
Arşak-Ərsak-Parfiya dövlətinin araşdırılmasına ciddi maraq XVIII əsrin sonlarından, yəni elmin inkişafının əsas pillələrindən olan dövrdə və məkan olan Avropada başlasa da, hələ antik dövrdən ayrı-ayrı mütəfəkkirlərin əsərlərində araşdırmaya cəlb etdiyimiz mövzu
barədə müəyyən məlumatlar vardır. Bu məlumatların bir qismi vətənimizin miladdan öncəki tarixini bir də bu konteksdən baxışına bəzi köməklik göstərir. Belə ki, xalqımızın etnogenezində yaxından iştirak edən bir çox etnoslar, etnik qruplar haqqında əsasən tarixi etnoqrafiya elminin araşdırmalarında məlumatlar vardır. Azərbaycan arxeologiya elminin,
əsasən keçən əsrdə həyata keçirdiyi araşdırmaların nəticələrinə görə etnos məsələsi hələ çox az araşdırılmaqdadır. Bu səbəbdən antik dövrün alimlərinin əsərlərində olan məlumatların bir daha Parfiya dövlətinin coğrafiyası, yaranma tarixi və digər mühüm tariximədəni münasibətlərin qismən də olsa öyrənilməsi, günümüzdə aktual problemlərdən birinin
araşdırılmasında müəyyən əhəmiyyəti ola bilər…”
Q.Pirquliyeva yazır ki, Parfiyanın Qafqaz Albaniyası və Atropatena ilə iqtisadi əlaqələrinin öyrənilməsinin əsas maddi sübutları numizmatik materiallardır: “Numizmatik mənbələr bir çox əcnəbi
alimlərin əsərlərindən başqa, həm də azərbaycanlı numizmat alim professor M.Ə.Seyfəddini və bu məqalənin müəllifi tərəfindən qismən araşdırılmışdı.
Belə ki, bu araşdırmalara görə Parfiyanın ərazi inzibati bölgü sistemi demək olar ki,
əhəmənilərdən başlayaraq, dəyişilmədən həm də Parfiyanın hakim qüvvələri tərəfindən qorunub saxlanılmışdı. Bu satraplıqlardan biri də Qafqaz Albaniyasının da daxil olduğu Midiya (Atropatena və Albaniya) ərazisi idi. Hələ II Mitridatın hakimiyyəti zamanı (e.ə.128-88-ci illər) Parfiya ərazisi şərqdən Pəncab, şimalda Ceyhun (Amudərya) Şimali-qərbdə Xəzər dənizindən keçərək Qafqaz dağları, qərbdə Fərat çayına, cənubda Omman dənizindən Kəngər-Fars boğazına qədər qədər uzanırdı. Dövlətdə ticarət münasibətləri orta çəkisi təxminən 4, 30 qram ağırlığında olan, yüksək əyarlı gümüş draxmalara əsaslanıraq həyata keçirilirdi. Daxili ticarətdə mis və tuncdan olan sikkələrdən istifadə olunurdu. Qafqaz, yaxud Azərbaycan Albaniyası ərazisində keçən əsrin 50-ci illərindən etibarən xeyli sayda Parfiya dövlətinin ayrı-ayrı hökmdarlarının adından zərb edilmiş nəfis və gümüş sikkələr və bu cür sikkələrdən ibarət olan dəfinələr aşkar edilmişdi. Ümumilikdə Azərbaycan numizmatika elmində rəsmi qeydiyyatdan keşən yeddi ədəd zəngin sikkə dəfinələri və yüzlərlə tək-tək tapılan sikkələr numizmatlar tərəfindən araşdırılaraq, elmi ictimaiyyətə məqalələr, yaxud da monoqrafiyaların ayrı-ayrı bölmələrində öz yerini tapmışdı. Bu numizmatik artefaktları aşağıdakı şəkildə ümumiləşdirərək, təsnifatını aparmaq mümkündür.
1. Cənubi Qafqazda müasir Gürcüstanın dağlıq və Qara dəniz sahilləri istisna olaraq,
Parfiya dövlətinin sikkələri statistik analizlərə görə daha çox etnik Azərbaycan ərazisindən, həmçinin indiki Ermənistan, İranın cənubunda tapılmışdır. Təkcə Xınıslı dəfinəsində 162 ədəd, Şirvan (keçmiş Əli-Bayramlı) dəfinəsindən110 ədəd Parfiyaya aid olan nəfis sikkələr araşdırlmışdı. Qəbələ və Bərdə dəfinəsinin tərkibindəki bu cür sikkələr e.ə. II əsrin sonlarından yerli “oxşatma”, yaxud da “varvar”tipli sikkələrin ümumiyyətlə zərb işinin dayandırlması və bununla yanaşı qısa müddətdə dövriyyəyə daxil olan selevkilərin klassik yunan draxma və tetradraxmaları Parfiya dövlətinin iqtisadi siyasəti nəticəsində dövriyyədən sıxışdırılb çıxarılmış və bütövlükdə bazarlarda və bütün iqtisadi münasibətlərdə Parfiyanın
sikkələrindən həm daxili, həm də xarici ticarət əlaqələrində də istifadə edimişdi. Bundan başqa xüsusi olaraq qeyd etmək lazımdır ki, e.ə. II əsrin sonu və bütövlükdə I əsrdə Parfiyanın fasiləsiz, işlək və mərkəzi zərbxanası Ekbatanda-müasir Həmədanda,
Atropatenanın qədim paytaxt şəhərlərində yerləşərək, bütün dövləti pullarla təmin etmişdi.
Maraqlıdır ki, bu tarixlərdə Ekbatan zərbxanasının monoqramı A hərfi ilə, yəni dövlətin adı olan Atropaten kimi zərb edilmişdi. Bu prosesin səbəbləri sırasında Parfiya hökmdarı I Mitridatın hakimiyyəti zamanı qədim Midiyanın ərazisinin bütövlükdə, o cümlədən gümüş
yataqlarının ələ keçirilməsi olmuşdu. Bu tip zərb işi II Mitridatın hakimiyyəti (e.ə.281-266) zamanı böyük uğurla davam etmişdi. Onun adından Ekbatanda zərb edilən sikkələr Naxçıvanda Xaraba Gilanda, Cəlilabadda, Bərdədə Şatırlıda, İsmayıllıda Nyüdidə, Şamaxıda Çuxuryurdda, Fizulidə Horadizdə və digər yerlərdə xeyli sayda aşkar edilmişdi.
2. Maraqlıdır ki, hələ keçən əsrin ikinci yarısında aşkar edilən məşhur Xınıslı
dəfinəsində digər pul vahidləri ilə birgə II Mitridatın draxmalarının” oxşatmaları” belə
alimlər tərəfindən təyin edilmişdi. Bundan başqa, ərazimizdə hər iki Mitridatın gümüş
draxmalarının klassik saxta növləri belə tapılmışdı. Bu cür faktlar yerli əhalinin adı şəkilən dövlətlərdə Parfiya sikkələrinə olan böyük marağı, alqı-satqıda böyük inamı, əhalinin alıcılıq qabiliyyətinin yüksəlişi ilə əlaqədar olaraq, həm də Parfiyanın intibah dönəmində yerlərdə, o cümlədən bizim qədim dövlətlərimizdə göstərilən illərdə sikkə çatışmazlığının yaranması ola
bilər. Demək hər iki dövlət Parfiyanın tam olaraq təsiri və ya nüfuz dairəsində olmaqlarına baxmayaraq, müəyyən statusa, o cümlədən bütün imoeriyanı sikkələrlə təmin edəcək qədər yüksək iqtisadi hüquq malik olmuşlar ki, bu zaman da bəzi hallarda hətta yerli hökmdarlara
öz adlarından daxili bazar üçün pul işini həyata keçirməyə icazə verilmişdi. Bu qəbildən Andraqorun, Artavazın portretləri olan gümüş draxmaları misal kimi göstərmək mümkündür.
Demək zaman-zaman həm Atropatena, həm də Albaniyanın Parfiyanın mərkəzi
hakimiyyətindən yalnız nominal asılılığı olmuşdu.
3. Sasanilərin işğalına qədər hər iki dövlət idarəçiliyi yerli sülalələr tərəfindən idarə
edilmişdi. Bununla belə imperiya daxilində ticarət münasibətləri əsasən Parfiyanın mərkəzi zərbxana məhsulları ilə təmin edilirdi. Bura Ekbatanda zərb edilib, bütün parfiya ərazisində tədavüldə istifadə edilən gümüş draxmaları xüsusi qeyd etmək lazımdır. Azərbaycan, yaxud da Qafqaz Albaniyası adlı dövlətimizdə iisə yerli zərb işi yalnız ehtiyac yarandıqda “oxşatma” sikkələrin zərb işi həyata keçirilirdi”-deyə Q.Pirquliyeva yazıb.
İradə SARIYEVA