Azərbaycan Xalq Cümhuriyyəti, Araz-Türk Respublikası və Azadstan
Birinci dünya müharibəsinin gedişində dünyada sərhədlərin dəyişməsi Azərbaycanın tarixi ərazisində üç dövlət meydana gəldi: Azərbaycan Xalq Cümhuriyyəti (28 may 1918 -27 aprel 1920) Paytaxtı Gəncə (28 may – 17 sentyabr 1918), Bakı (17 sentyabr 1918 – 28 aprel 1920), Araz-Türk Respublikası (18 noyabr 1918 – mart 1919) paytaxtı Naxçıvan, Azadstan (7 aprel 1920 – 12 sentyabr 1920) paytaxtı Təbriz.
Müasir dövrdə xalqın tarixinə və taleyinə biganə qalmayan hər bir Azərbaycan vətəndaşını bu üç dövlətin vahid dövlət halında birləşib, vahid güc ortaya qoya bilməməsinin səbəbləri maraqlandırmaya bilməz. Bu geniş mövzunu bir məqalədə əhatə etmək mümkün olmadığından məsələnin mahiyyətini qısa şəkildə oxucuların diqqətinə çatdırmağı lazım bildik.
Fikrimizcə, tarixi Azərbaycan ərazilərində yaranmış üç dövlətin birliyinin yaranmaması və süqutunun əsas səbəbini bu dövlətlərə dayaq ola biləcək Osmanlı dövlətinin birinci Dünya müharibəsində məğlub olmasında axtarmaq lazımdır. Lakin bundan əlavə qalib Antantanın əsas dövlətlərindən olan Böyük Britaniyanın regionda apardığı siyasət, ingilis faktoru da birliyin yaranmasına imkan verməmişdir. Regionda olan ingilis qoşunlarına bu üç Azərbaycan dövlətinə olan fərqli münasibətlər də birliyin yaranmasına imkan verməmişdir. Bu fərqləri və ziddiyyətləri aydın başa düşmək üçün 1918-1920-ci illərdə üç Azərbaycan dövlətinin Böyük Britaniya ilə münasibətlərinə qısa nəzər salmağa ehtiyac var.
Azərbaycan Xalq Cümhuriyyəti ilə İngiltərə arasında münasibətlər ziddiyyətli, lakin müəyyən mərhələdə qarşılıqlı maraqlara əsaslanan siyasi münasibətlər olmuşdur. 14–17 avqust 1918 – ci il tarixlərində işğalçı Sentrokaspi diktaturasının dəvəti ilə General Dunstervillenin başçılığı ilə Bakıya gələn ingilis hərbçiləri Azərbaycan Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləyib. Qafqaz İslam Ordusu və AZərbaycan Milli Ordusu tərəfindən 15 sentyabr 1918 – ci ildə Bakı azad edildidən sonra İngilis qoşunları digər işğalçıları ilə birlikdə geri çəkilərək qaçmağa məcbur olmuşlar.
30 oktyabr 1918-ci il Mudros müqaviləsi ilə birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı Türkiyəsi regionu, o cümlədən Azərbaycanı tərk etdi, 17 noyabr 1918-ci ildə General Thomsonun komandanlığı ilə ingilsi qoşunları yenidən Bakıya daxil oldu. Bu dəfə də əvvəl General Thomson əvvəlki düşmən siyasəti davam etdirdi. Bakıya daxil olan kimi küçələrdə olan Azərbaycan bayraqlarını yığışdırdı. Lakin qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə söykənən bir dövlət olduğunu və regionda real güc olduğunu görərək səhvini başa düşdü. Bu barədə öz hökümətinə ətraflı məlumat verdi. İngilis qoşunları ikinci dəfə Bakıya daxil olduqdan bir ay 11 gün sonra, yəni 28 dekabr 1918 – ci il tarixdə General Thomson Azərbaycan hökumətini qanuni hakimiyyət kimi tanıdı. 28 iyun 1919 – tarixdə Böyük Britaniyan qoşunlarının Qafqazdan çıxarılması haqqında qərar qəbul edildi, avqust ayının əvvələrindən Böyük Britaniya qoşunlarının Azərbaycandan çıxarılması prosesi başladı, 24 avqust 1919-cu il tarixdə bu proses tamamlandı.
Paris konfransında 11 yanvar 1920 – ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyəti de-fakto tanıdı və bu məsələdə Böyük Britaniya Azərbaycana yaxından dəstək verdi.
Lakin 1918-ci ilin noyabrından 1919-cu ilin əvvəllərinə qədər mövcud olmuş, paytaxtı Naxçıvan şəhəri olan Araz Türk Respublikasının Böyük Britaniya ilə münasibəti fərqli və ziddiyyətli olmuşdur.
30 oktyabr 1918-ci il Mudros müaviləsi ilə Osmanlı qoşunlarının Cənubi Qafqazdan çıxmağa başlaması Naxçıvanda siyasi və hərbi boşluq yaratdı. Həmin şəraitdə Naxçıvan əhalisinin özünümüdafiəsi və yerli idarəçilik təşəbbüsü kimi Araz-Türk Respublikası fəaliyyətə başladı və Azərbaycan Xaq Cümhuriyyəti ilə sıx əlaqə saxladı.
1919-cu ilin yanvarında ingilis qoşunları Naxçıvana gələrək erməni qüvvələrinin Naxçıvana irəliləməsinin qarşısını aldılar. Lakin Britaniya hakimiyyəti 28 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökümətini tanısa da Araz-Türk Respublikasını Osmanlı təsirinin davamı kimi dəyərləndirərək rəsmi dövlət kimi tanımadı.
Böyük Britaniya Naxçıvandakı türk və Azərbaycan təsirini regiondakı maraqları üçün təhlükə hesab edirdi. İngilislər Naxçıvanın Azərbaycan–Türkiyə arasında siyasi əlaqə yaratmaq üçün istifadə olunmasından ehtiyatlanırdı. Nəticədə Britaniya komandanlığı Araz-Türk Respublikasının müstəqil siyasi qurum kimi fəaliyyətini məhdudlaşdırdı. Britaniyanın bu cür mövqeyi Araz-Türk Respublikasının mövcudluğunun aradan qaldırılmasına gətirib çıxardı.
Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə meydana gəlmiş Azadstan dövləti isə İngiltərə ilə heç bir əməkdaşlığı olmamış, bu dövlət İran ərazisində olan ingilis qoşunlarına düşmən münasibət bəsləmişdi.
Ş. M. Xiyabaninin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının proqramında İranın suverenliyi, Konstitusiyanın həyata keçirilməsi və xarici müdaxiləyə son qoyulması mühüm yer tuturdu. 1917-ci ildə partiyanın proqramında xarici orduların İran ərazisində olmasına etiraz xüsusi əhəmiyyət daşıyırdı. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində həm Rusiya, həm də İngiltərə qoşunları mövcud idi. Bu baxımdan Xiyabaninin mövqeyi yalnız İngiltərəyə qarşı deyil, ümumən İranın xarici dövlətlərin təsiri altına düşməsinə qarşı milli-demokratik mövqe idi.
Ş. M. Xiyabaninin rəhbərliyi ilə 1920-ci ilin martında Təbrizdə İngiltərənin İrandakı siyasətinə qarşı kütləvi nümayiş keçirilmiş və bunun ardınca Britaniya komandanlığı şəhərdəki hərbi hissələrini geri çəkmişdi. Bundan sonra onun başçılıq etdiyi 7 aprel 1920-ci il üsyanı Cənubi Azərbaycanda üsyançıların mövqeylərini gücləndirərək sonrakı qələbələr üçün şərait yaratmışdı. Bunun da nəticəsində Şeyx Məhəmməd Xiyabani rəhbərliyi ilə 1920-ci ilin iyununda üsyançılar Təbrizdə hakimiyyəti ələ alaraq Azadstan dövlətinin yaradıldığını elan etmişlər. Azadstan dövləti ingilis qoşunlarının Cənubi Azərbaycanda, xüsusilə Təbriz və ətrafında mövcudluğuna mənfi münasibət bəsləyir, xarici dövlətlərin İranın daxili işlərinə müdaxiləsinə qarşı çıxırdı. İngiltərənin Cənubi Azərbaycanda hərbi-siyasi nüfuzunun genişlənməsini İranın suverenliyinə təhlükə hesab edirdi. Xiyabani 9 avqust 1919-cu ildə bağlanmış İngiltərə–İran müqaviləsinə qarşı çıxır, ingilis qoşunlarının Azərbaycanda saxlanılmasını qəbul etmirdi. Birinci Dünya müharibəsindən sonra ingilis hərbi qüvvələrinin İran ərazisində qalması Xiyabaninin milli-demokratik baxışları ilə ziddiyyət təşkil edirdi. Buna görə də Azadstan dövlətinə düşmən münasibət bəsləyən Böyük Britaniyanın köməkliyi ilə İran hakimiyyəti 1920-ci ilin sentyabrında Xiyabani hərəkatını məğlub etdi və Xiyabani öldürüldü.
Yekun olaraq qeyd etmək olar ki, İngiltərənin 1918-1920-ci illərdə regionda, o cümlədən Azərbaycanın tarixi ərazilərində apardığı siyasət bu dövrdə mövcud olmuş üç Azərbycan dövlətinin birləşməsinə imkan verməmişdir. Bu siyasətin nəticəsində bu dövlətlət nəinki birləşə, hətta bir-birinə yardım belə edə bilməmişlər. Bununla bağlı M.Ə.Rəsulzadə “Yeni Qafqaziya” qəzetinin 15 noyabr 1923 -cü il tarixli sayında yazırdı : “Vaxtıilə qardaş İran xalqının hürriyyət və istiqlalpərvəranə mücadilatına əlimizdən gələn qədər müavinətlə bulunduq. Sıra kəndi məmləkətimizə gəldi. Onun xilası üçün çalışırıq. Bildiyimiz və bacardığımız kimi mübarizə etdik. Bu mübarizədə iranlı qardaşlarımız bizə ümid etdiyimiz müavinəti göstərmədilər.”
Burada M.Ə.Rəsulzadə İranlı qardaşlarımız deyərkən Cənubi Azərbaycandakı soydaşlarımızı, konkret olaraq Ş. M. Xiyabaninin rəhbərliyi etdiyi Azadstan dövlətini nəzərdə tutur. Xiyabaninin Azərbaycan Xalq Cümhuriyyətinə kömək etməmsi və ya ümumiyyətlə yaxınlıq edə bilməməsinin əsil səbəbini İran ərazisində olan ingilis qoşunlarına düşmən münasibət bəsləməsində, AXC-nin isə bu zaman İngiltərə ilə əməkdaş etməsində axtarmaq lazımdır.
Britaniya komandanlığının Araz-Türk Respublikasının müstəqil siyasi qurum kimi fəaliyyətinə düşmən münasibəti də bu qurumun AXC və Azadstanla yaxınlaşmasına imkan verməmişdir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan tarixinin ən gərgin və çətin dövrlərinin birində üç dövlət qurumun qısa müddətdə də olsa mövcudluğu Azərbaycan xalqının mübariz və qətiyyətli xalq olduğunu bir daha sübut edir. Məhz bu mübarizliyin və qətiyyətin nəticəsində Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında dövlət suverenliyini bərpa etdi. 44 günlük Vətən müharibəsinin nəticəsində Respublikanın ərazi bütövlüyünü bərpası və xalqımız dünyada qalib xalq kimi tanınması da bu mübarizliyin və qətiyyətin nəticəsində baş verdi.
Məhərrəm Zülfüqarlı t.ü.e.d., professor