Sentyabrın 24-də Sumqayıt Dövlət Üniversitetində (SDU) QHT-lərə Dövlət Dəstəyi Agentiliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə layihə rəhbəri, “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev, Sumqayıt Şəhər Polis İdarəsinin şöbə rəisi,polis mayoru Mahir Qurbanov, layihə üzrə ekspert, hüquqşünas Aydın Kərimov, Üniversitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov, habelə tələbələr iştirak etmişlər. Maarifləndirmə tədbirinin keçirilməsində məqsəd Ali tədris müəssisələrində Universitetdə insan alverinə qarşı mübarizə istiqamətində məlumatlılığının artırılması, hüquqi biliklərin gücləndirilməsi və həssas qrupların vaxtında müəyyən edilərək qarşısının alınmasından ibarətdir.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Üniversitetinin humanitar məsələləri üzrə prorektoru Elmar Xəlilov qlobal problemin qarşısını almaq sahəsinə aydınlıq gətirmiş,köləliyin Quldarlıq dövrünə aid olduğu barədə məlumat vermiş və bu istiqamətdə mübarizənin gücləndirilməsi üçün təhsil müəssisələrinin rolunun artırılmasının vacibliyini qeyd etmişdir. Sonra o,sözü “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə vermişdir. Təşkilatın sədri Transmilli Mütəşəkkil Cinayətkarlığın xüsusilə ağır növü sayılan İnsan alverini doğuran səbəb və şəraitin aradan qaldırılması, bu cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, təqsiri olanların təqibi-cinayət məsuliyyətinə cəlb edilməsi,qurbanların müdafiəsi və 2026-2030 cu illəri əhatə edən Milli Fəaliyyət Planının tələblərinə uyğun vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliyin yerinə yetirilməsi, iqtisadi amillərin, social və hüquqi məsələlərin – gender əsaslı zorakılıqların, müharibələrin, miqrasiyanın, insan alverinə zəmin yaradan qlobal böhranların XXI əsrin köləliyinə təsir edəcək zəruri şərtlər ətrafında danışmışdır.Ş.Əliyev vurğulayıb ki, insan alveri cinayətləri təsnifatına görə xüsusilə ağır cinayət kimi dünyada artıq qlobal bir problemə çevrildiyindən , onunla mübarizə də qarşılıqlı əməkdaşlıq tələb edir, Yəni,potensial təhlükələrin vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün geniş imkan yaranır. Dövlətin İnsan Alverinə Qarşı Mübarizə üzrə siyasətinin formalaşdırılmasında DİN-nin rolu yüksəkdir, vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənən fəaliyyəti cəmiyyətdə məmnunluqla qarşılanır. Bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı,vətəndaş cəmiyyətinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.O, sonda gənc nəslin insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri məlumatlar barədə müvafiq orqanlara ötürməyə çağırış edib.
Təşkilatın sədri həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik xarakterli maarifləndirici layihələr genişləndirilir.
Layihə üzrə ekspert Aydın Kərimov isə çıxışında qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat vermişdir. O, qeyd edib ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarətdir. Tədbir zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
İştirakçılara və Sumqayıt DU-ya İnsan Alverinə dair kitabçalar paylanılmışdır.