Yəqin ki bu, Fransanın Azərbaycana qarşı yeni planıdır. Avropanın 3 minə yaxın rus oliqarxa və quruma tətbiq etmək istədiyi sanksiyaya veto qoyub, şərti milliyyətcə özbək olan rus milyarder Əlişir Usmanovun sanksiyalar siyahısından çıxarılması və Bakıda casusluğa görə hökm oxunmuş fransız vətəndaşların azadlığa buraxılmasıdır...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bakıdakı məhkum fransızların Rusiya sanksiyaları ilə nə əlaqəsi var? Maraqlıdır... Ancaq qaranlıq bir şey yoxdur... Fransanın şərtləri yerinə yetirilsə, yəni fransızlar buraxılsa, sanksiyalar siyahısından Usmanovun adı çıxarılacaq və Fransa anti-rus sanksiyaları təsdiqləyəcək. Beləliklə, görüntü yaradılacaq ki, AB-nin Rusiyaya qarşı budəfəki, həm də 6 aylıq yox, 3 illik sanksiyalar paketinin önünü Azərbaycan Prezidenti açdı... Rusiya ilə Azərbaycanı lüzumsuz gərginliyə soxmaq üçün pis plan deyil... Deyilmi?!
Plan müəlliflərinin niyyəti belədir - onsuz da Özbəkistan hakimiyyəti milliyyətcə özbək olan rus vətəndaşı Usmanovun taleyinə biganə qalmayacaq, lazımı addımları atacaq və atır da. Artıq Fransa hökumətinin Özbəkistanla danışıqlar apardığını Evronyus TV də təsdiqləyib. Mirziyoyevin İlham Əliyevlə dost olduğunu bildiklərindən onun xətti ilə Azərbaycan Prezidentinə çıxaraq casusluqda məhkum olunmuş fransızların azadlığa buraxılmasına nail olmaq istəyirlər. Hesabları belədir ki, İlham Əliyev dostu Mirziyoyevin sözündən çıxmayacaq, Mirziyoyev üçün dəyərli olan Usmanovun adının sanksiyalar siyahısından çıxarılması xatirinə casus fransızları azadlığa buraxacaq... Beləliklə, cənab Makron həm düşməni olan Rusiyaya sanksiya tətbiq edəcək, həm fransızları azad etdirəcək, həm də anti-Rusiya sanksiyalarının önünün İlham Əliyev tərəfindən açıldığı görüntüsü yaratmaqla Azərbaycanla Rusiyanın arasında yeni soyuqluq dalğası başladacaq... Bir güllə ilə azı 3 quş…
Görək planın aqibəti necə olacaq. Doğrudanmı dostumuz Prezident Mirziyoyev Usmanovun xatirinə Azərbaycan Prezidentindən fransız dustaqların xahişini edəcək? Unudulmamalıdır ki, Avropa Birliyi onsuz da Rusiya sanksiyalarını qüvvəyə mindirəcək. Geci tezi var... Ancaq niyə Azərbaycan istəmədiyi oyuna cəlb olunsun?!
Sonda Prezidentimizin ən müdrik qərarı verəcəyinə inanıram. Əgər fransız məhbusları buraxmaq lazım gələcəksə, bu akt Azərbaycan dövlətinin öz iradə qərarı kimi ortaya çıxmalıdır, kimlərinsə oyunlarının nəticəsi kimi yox…
Tahir TAĞIYEV