Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ və İran rəsmiləri arasında görüş olub.
Danışıqlarda ABŞ tərəfini Trampın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner, İran tərəfini isə xarici işlər naziri Abbas Araqçi təmsil edib. Görüş Qətər və Pakistanın vasitəçiliyi ilə baş tutub. AFP-nin məlumatına görə, BMT Baş Assambleyası çərçivəsində Fars körfəzi ölkələrinin liderləri ilə görüş zamanı Tramp İranla razılığın əldə edilməsi istiqamətində "böyük irəliləyiş"dən danışıb. İranın dövlət mediasına əsasən, Tehran danışıqlardan istifadə edərək Vaşinqtonu Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı şərtləri barədə məlumatlandırıb. Bu şərtlərə, digər məsələlərlə yanaşı, ABŞ-ın dəniz blokadasına dərhal son qoyulması, sanksiyalar səbəbindən dondurulmuş İran aktivlərinin sərbəst buraxılması və bütün hərbi əməliyyatların dayandırılması daxil idi. Danışıqlardan əvvəl BMT-də dövlət və hökumət başçıları qarşısında çıxış edən Donald Tramp İslam Respublikasını "cəhənnəmə göndərməklə" və "məhv etməklə" hədələyib. "Mən vacib bir seçim qarşısındayam: İranla onun bərpasına və daha güclü bir dövlətə çevrilməsinə imkan verən razılaşma əldə olunacaqmı? Yoxsa mən İslam Respublikasını məhv edəcəyəm – özü də tez bir zamanda – ki, onun bir daha insanları öldürmək və ölkələri məhv etmək şansı olmasın" - o deyib.
AFP-nin məlumatına görə, Trampın çıxışı zamanı İran nümayəndə heyəti zalı tərk edib.
SAMİRƏ