Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət edib.
"Anadolu" agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi iki liderin Nyu-Yorkdakı görüşündən sonra məlumat yayıb. Ərdoğan və Paşinyan arasındakı danışıqlar Türkiyə prezidentinin BMT Baş Assambleyası ilə əlaqədar Nyu-Yorka səfəri çərçivəsində "Türk Evi"ndə baş tutub. Qapalı formatda keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib. Türkiyə tərəfinin məlumatına əsasən, Ərdoğan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini, xüsusilə ikitərəfli ticarət və nəqliyyat sahəsindəki addımları dəstəklədiyini bildirib. O, iki ölkə arasındakı münasibətlərdə müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan qarşılıqlı addımlardan məmnunluğunu ifadə edən Ərdoğan qeyd edib ki, Ermənistan və Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı da ikitərəfli münasibətlərin normallaşmasına töhfə verir. Bu kontekstdə o, Paşinyanı Türkiyədə keçiriləcək COP31 liderlər sammitinə dəvət edib. COP31-in noyabr ayında Antalyada keçirilməsi nəzərdə tutulur.
SAMİRƏ