Vüqar Bayramov: “Proqramda nəzərdə tutulanlar məşğulluğa xüsusi töhfə deməkdir”
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışında bildirib ki, dağ-mədən sənayesinin inkişafı hesabına 5 mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur:
“Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, sözügedən proqram qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək: “Əvvəla, qeyd edim ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olundu. Azad edilmiş ərazilərdə qızıl, mis, molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiq olunması mədənçıxarma sənayesinin istehsal həcmini daha da artıracaq. Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək. Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhfə deməkdir. Məsələ ondadır ki, yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək. Mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə gəldikdə isə, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul istehsal olunub. Azalma tendensiyası isə xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə ishtehsal 2025-ci ildə əvvəlki ilə nisbətən 38.2 milyard manatdan 33.3 milyard manatadək azalıb. Metal filizlərinin hasilatı isə ötən il 2 dəfə artıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdirsə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi 2025-ci ildə artaraq 2.7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2.5 milyard manat idi. Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni proqram nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır. O baxımdan hesab edirəm ki, bu yöndə görülən işlər qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq və ölkədə məşğulluq səviyyəsini artıracaq”.
Vidadi ORDAHALLI