Turan Rzayev: “İqtisadi artımın gələcək dinamikası qeyri-neft sektorunda yaradılacaq yeni istehsal imkanlarından asılı olacaq”
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə ümumi daxili məhsulumuzun 1,2 faiz artması bizi narahat etməməlidir:
“Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert Turan Rzayev hesab edir ki, Azərbaycan iqtisadiyyatında uzun illər əsas müzakirə mövzularından biri neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun daha böyük iqtisadi çəkidə formalaşdırılmasıdır: “Və ölkənin malik olduğu təbii resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətləndirilməsi olub. Prezidentin səsləndirdiyi fikirlər göstərir ki, bu məsələyə artıq yalnız ayrı-ayrı mədənlərin istismarı və yeni yataqların kəşfi kimi baxılmır. Burada daha geniş iqtisadi modelin formalaşdırılması məqsədi görünür. Yəni yataqların aşkarlanması, filizin çıxarılması, zənginləşdirilməsi, emalı, yarımfabrikat və son məhsul istehsalı eyni sənaye zəncirinin daxilində birləşdirilməlidir. Prezidentin ifadəsi ilə desək, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək. Ümumiyyətlə, filizi xammal formasında ixrac edən ölkə ilə həmin filizdən metal, yarımfabrikat və sənaye məhsulu istehsal edən ölkənin iqtisadi gəliri arasında ciddi fərq yaranır. Qarşıdakı mərhələdə mədən sənayesinin uğuru təkcə hasilat rəqəmləri ilə ölçülməyəcək. Hasil olunan resursun ölkə daxilində nə qədər emal edilməsi, hansı yeni sənaye sahələrini hərəkətə gətirməsi və ixracın strukturuna nə qədər təsir göstərməsi daha böyük əhəmiyyət daşıyacaq. Son 20 ildə əsas infrastruktur layihələrinin icrası nəticəsində ölkənin enerji və qaz təminatı sahəsində əvvəlki vəziyyət köklü şəkildə dəyişib. Bu infrastruktur bazası indi yeni sənaye sahələrinin inkişafı üçün əlavə imkan yaradır. Yəni əvvəl qurulmuş enerji və nəqliyyat infrastrukturu yalnız öz sahəsində nəticə yaratmır, sonrakı sənayeləşmə mərhələsinin də təməlini formalaşdırır. Proqramın qəbul edilməsinin əsas səbəblərindən biri də Azərbaycan iqtisadiyyatının qarşılaşdığı struktur çağırışdır. Prezidentin öz çıxışında qeyd etdiyi kimi, cari ildə ümumi iqtisadi artımın 1,2 faiz səviyyəsində olmasının əsas səbəblərindən biri əsas neft yatağında hasilatın təbii olaraq azalmasıdır. Eyni zamanda, qeyri-neft sektorunda 8 ay ərzində 5,4 faiz artımın qeydə alındığı vurğulanır. Buradan aydın görünür ki, iqtisadi artımın gələcək dinamikası getdikcə daha çox qeyri-neft sektorunda yaradılacaq yeni istehsal imkanlarından asılı olacaq. Dağ-mədən və metallurgiya sənayesinin seçilməsi də məhz bu kontekstdə məntiqli görünür. Çünki Azərbaycan bu sahədə həm resurs bazasına, həm enerji imkanlarına, həm nəqliyyat infrastrukturuna, həm də regional bazarlara çıxış imkanlarına malikdir”.
Vidadi ORDAHALLI