İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxış edərkən ABŞ prezidenti Donald Trampın İranı terrorçu dövlət adlandırmasına sərt reaksiya verib. Pezeşkianın çıxışı zamanı zalda olan ABŞ nümayəndəsi zaldan çıxıb.
"ABŞ prezidenti bizi terrorçu adlandırdı. Biz özümüz də terrorizmin qurbanı olduq", - deyən Pezeşkian, ABŞ və İsraili İran ərazisinə hücumlar təşkil etməkdə günahlandırıb və hücumların uşaqlar da daxil olmaqla mülki şəxslərin ölümünə səbəb olduğunu bildirib.
İran prezidenti iclasda iştirak edənlərə müraciət edərək və onlara ölənlərin fotoşəkillərini göstərərək "Mən bu məktəbin bombalandığı İranı təmsil edirəm. Bu uşaqları görürsünüzmü? Bu uşaqlarABŞ və İsrailin istifadə etdiyi bombalar altında öldülər" deyib.
Pezeşkianın sözlərinə görə, İranın kiçik şəhərlərindən birində baş verən hücumda uşaqların olduğu idman zalı hədəf alınıb. O, həmçinin ABŞ və İsraili İran alimlərini, hərbçilərini, qadınlarını və uşaqlarını öldürməkdə ittiham edib: "Onlar günahsız idilər, heç bir cinayət törətməmişdilər".
Pezeşkian terror aktları törədənlərin və terror dəstəkçilərini yetişdirənlərin İranı terrorçu adlandırmasını ikiüzlülük adlandırıb: "Biz yalnız özümüzü müdafiə edirdik. Biz terrorçu deyilik".
İran prezidenti həmçinin ölkənin mülki əhalisinin İrana qarşı "qorxaq hücumlar və təcavüzlərin" hədəfi olduğunu deyib və Tehranın hərəkətlərini özünümüdafiə kimi qələmə verib.
Pezeşkian Tehranın dialoqa, diplomatiyaya və danışıqlara hazır olduğunu, lakin güc təhdidi altında danışıqları qəbul etməyəcəyini bildirib. O, həmçinin bildirib ki, İran təzyiqlərə boyun əymək niyyətində deyil və ölkəni "son nəfəsinə qədər" müdafiə edəcək.
Pezeşkian Trampın əvvəlki günkü çıxışına qayıdaraq İrana qarşı verilən açıqlamaların BMT Nizamnaməsinin "mahiyyətinə zidd olduğunu" bildirib.
İran prezidenti bildirib ki, İran xalqının müqaviməti sanksiyalar, artan təzyiq və hədə-qorxu qarşısında yalnız güclənəcək: “Biz heç vaxt başımızı əyməyəcəyik və diz çökməyəcəyik".
Onun sözlərinə görə, İran ABŞ və digər tərəflərlə dialoqa hazırdır, amma yalnız təhdid və məcburiyyət olmadan. Pezeşkian ölkənin təzyiqlərə tab gətirə biləcəyinə əmin olduqlarını deyib.
Yaxın Şərqdəki vəziyyətdən danışan Pezeşkian xüsusilə Hörmüz boğazına toxunub. O bildirib ki, İran bəzi ölkələrin bu su yolundan mənfəət əldə etmək üçün sərbəst şəkildə istifadə etməsinə icazə verir, eyni zamanda İrana təzyiq göstərmək və öz sularına çıxışını məhdudlaşdırmaq üçün istifadə edə bilməzlər. O, hərbi əməliyyatların gücləndirilməsinin təhlükəsizliyə gətirib çıxarmayacağı barədə xəbərdarlıq edib.
Pezeşkianın çıxışı Trampın BMT Baş Assambleyasındakı çıxışından bir gün sonra baş tutub. Amerika prezidenti İranı sərt tənqid edib və Tehran razılığa gəlməsə, ABŞ-ın hərbi əməliyyatlara davam edə biləcəyini bildirib.
Tahir TAĞIYEV