Asif İbrahimov: ““AzerGold”un maddi-texniki bazası, uzun illər ərzində əldə etdiyi təcrübə kompetensiyalar, yetişdirdiyi insan respursları, kadrlar hazırkı şəraitdə ən uyğun variantdır”
Sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkə başçısı bildirib ki, “AzerGold” “Filizçay”ın 100 faiz səhmdarı olmalıdır.
Prezident vurğulayəb: “Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.
Niyə ancaq “AzerGold”? “AzerGold” dövlətin etimadını doğrulda biləcəkmi?
Ekspertlər hesab edir ki, dövlətin “AzerGold”a bu yatağı 100% idarə etmək etimadı göstərməsi, şirkətin indiyə qədərki hasilat və idarəetmə təcrübəsinə əsaslanır. Texniki-iqtisadi əsaslandırmanın yekunlaşması və qəbul ediləcək investisiya qərarları şirkətin bu böyük etimadı nə dərəcədə uğurla reallaşdıracağını yaxın illərdə tam nümayiş etdirəcək. Layihə üzrə real hasilatın isə 2029-cu ildə başlaması planlaşdırılır.
İqtisadçı ekspert Asif İbrahimov baki-xeber.com-a bildirdi ki, “Filizçay” yatağı olduqca strateji əhəmiyyətə malik yataqdır və “AzerGold”da dövlət təşkilatıdır. “Niyə məhz “AzerGold” seçilib? Çünki “AzerGold”un maddi-texniki bazası, uzun illər ərzində əldə etdiyi təcrübə kompetensiyalar, yetişdirdiyi insan respursları, kadrlar hazırkı şəraitdə ən uyğun variantdır. Dövlətin də belə strateji yataqda aparıcı rolunun olması tamamilə başa düşüləndir. Burada məqsəd əvvəlcə həmin yatağın inkişaf dinamikasını təmin etməkdir. Bütün beynəlxalq standartlara uyğun olaraq texnoloji ardıcıllığı, istehsalat zəncirini qurmaq və bu yatağın dəyəri daha da artdıqdan sonra investisiya cəlb ediləcəksə həmin dəyər artımının kim tərəfindən yaradıldığı və dövlətin bunun müqabilində hansı iqtisadi üstünlüyü əldə etdiyi şəffaf şəkildə ortaya çıxacaq. Burada sadəcə yatağın geoloji potensialından danışmırıq, bilirik, kəşfiyyat-texniki əsaslandırma, infrastruktur, maliyyələşmə, riqsqlərin bölüşdürülməsi və idarəetmə qərarlarının yaratdığı əlavə dəyərdən də söhbət gedir. Digər mühüm məsələ də rəqabət amildir. Əgər “Filizçay” kimi böyük aktivə xarici investorların marağının olacağı gözlənilirsə, həmin investorların seçilməsi dövlət tərəfindən əhəmiyyətli beynəlxalq standartlarla uyğun mexanizmlərlə həyata keçirilməlidir. Dövlət əvvəlcə 100 faiz paya sahib olur, daha sonra müəyyən payı satacaqsa həmin payın bazar dəyərini də müvafiq olaraq gələcək illərin bazar dəyərinə uyğun hesablamalı olacaq”.
A.İbrahimovun fikrincə, burada bir məqamı da unutmaq olmaz ki, “Filizçay”ın iqtisadi dəyəri təqribən 30 milyard manat kimi təqdim olunur, amma artıq orada infrastrukturdan, peşəkar kadrlardan söhbət gedəcəksə, digər istiqamətdə işlər həyata keçiriləcəksə iqtisadi dəyərlə şirkətin və ya layihə kimi aktivin bazar dəyəri bir az da artacaq. “Yatağın real investisiya dəyəri, hasilat müddəti, metal qiymətləri, kapital xərcləri, əməliyyat xərcləri, vergi rejimi, risqlər, maliyyələşdirmə strukturu və emal zəncirindən aslı olaraq gələcəkdə ayrıca hesablanacaq. Ona görə də gələcəkdə investor cəlb edildikdə əsas məsələ sadəcə indiki dəyəri yox, həmin faiz gələcəkdəki əsaslandırılmış dəyərə uyğun olaraq hesablanacaq. Azərbaycan üçün isə ən vacib məsələ “Filizçay” yatağının yalnız yataq kimi yox, tam dəyər zənciri kimi qurulub ərsəyə çatdırılması və Azərbaycan dövlətinə xidmət etməsidir. Prezident də filizin xammal şəklində ixrac olunamasının qarşısının alınması və emal zəncirinin ölkə daxilində yaradılmasını xüsusi vurğulayıb. Burada söhbət yeni yaradılan əlavə dəyərdən gedir. Ona görə də məncə, ictimai müzakirənin mərkəzində bu suallar dayanır. “AzerGold”un dövlət şirkəti kimi burada əhəmiyyətli rol oyanayacaq, işləri daha səmərəli şəkildə yerinə yetirəcəyini düşünürük. Azərbaycan hökuməti də elə düşünür. Özəl və xarici kapitalın hansı mərhələdə və hansı şərtlərdə daxil olmasını da həmin o yatağın gələcəkdəki bazar dəyərinə uyğun olaraq Azərbaycan hökumətinin müəyyən etməsinə şərait yaradacaq. Yəni gələcəkdə həmin o “Filizçay” yatağı xammal yox, əlavə dəyər, zənginləşdirilmiş metal istehsalı ilə məşğul olarsa artıq iqtisadi səmərəliliyi daha yüksək bir yataq halına gələcək və Azərbaycan dövləti üçün də daha çox fayda verəcək”-deyə A.İbrahimov qeyd etdi.
İradə SARIYEVA