Hakimiyyətdə olan "Vətəndaş Müqaviləsi" partiyasının və hökumətin nümayəndələri Dağlıq Qarabağdan köçkün düşmüş şəxslərin üzləşdiyi problemlərlə bağlı parlament müzakirəsini tərk ediblər. "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat və parlamentin əmək və sosial məsələlər üzrə komitəsinin sədr müavini Mariam Poğosyan zalı tərk etmələrini bununla izah edib ki, onun fikrincə, müzakirənin formatı tədbirə parlamentlərarası görüş xarakteri verirdi. "Müzakirə zamanı müəyyən vəzifə adları çəkildi və tədbir parlamentlərarası müzakirəyə bənzər bir formata keçdi. Ermənistanda iki parlament və iki hökumət ola bilməz, buna görə də biz iclas zalını tərk etmək məcburiyyətində qaldıq", - deyə Poğosyan izah edib. Parlamentin insan hüquqları üzrə komitəsinin sədri Lilit Qalstyan bu qiymətləndirmə ilə razılaşmayıb. O qeyd edib ki, iştirakçılar köçkünlərin vətəndaşlıq, mənzil, pensiya, təhsil və mədəni hüquqları ilə bağlı məsələləri müzakirə edirdilər. O, jurnalistlərə bildirib ki, müzakirə zamanı heç bir siyasi bəyanat səsləndirilməyib və dəvət olunanlar arasında “Artsax parlament komitələrinin” keçmiş sədrləri və siyasi partiyaların nümayəndələrinin olduğunu vurğulayıb. Qalstyan hökumət nümayəndələrinin zalı tərk etmək qərarını tənqid edib. Onun fikrincə, “Artsax” və onun keçmiş qurumlarına istinadlar, evlərini tərk etməyə məcbur qalan insanların hüquqlarının müzakirəsinə mane olmamalıdır. "Söhbət konvensiyalarda təsbit olunmuş hüquqlardan — heç kimin ləğv etmək səlahiyyətinə malik olmadığı hüquqlardan, həmçinin Ermənistan qanunvericiliyi, beynəlxalq hüquqi sənədlər və müvafiq mexanizmlər tərəfindən təmin edilən insan hüquqlarının müdafiəsindən gedir", - deyə deputat vurğulayıb. SAMİRƏ