Əyyub Kərimli: “...Yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi regionlarda məşğulluğun və biznes fəallığının artmasına əlavə təkan verə bilər”
Sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
“...Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq”-deyə Prezident İlham Əliyev müşavirədə bildirib.
Dağ-mədən sənayesinin inkişafına dair son Dövlət Proqramı işğaldan azad edilmiş bölgələrimizin ümumi inkişafında necə rol oynayacaq?
“Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” işğaldan azad edilmiş bölgələrin sürətli reabilitasiyasına, iqtisadi reinteqrasiyasına və regionun ümumi dirçəlişinə strateji töhfə verəcək.
Yeni proqram azad olunmuş ərazilərin ümumi inkişafında mühüm rol oynayacaq. İşğal dövründə talan edilmiş zəngin mineral xammal yataqları proqram sayəsində rəsmi və elmi əsaslarla qısa müddətdə dövriyyəyə cəlb olunacaq. Sənəddə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının tezliklə tam gücü ilə işə salınması əsas prioritet kimi müəyyən edilmişdir. Məsələn, Ağdərədə yerləşən "Dəmirli" mis mədənində hasilatın bərpası artıq qeyri-neft sektoru üzrə böyük ixrac potensialı formalaşdırmağa başlamışdır. Proqramın əsas məqsədlərindən biri yataqlardan sadəcə xammal çıxarmaq deyil, "hasilatdan son məhsula qədər" tam istehsal zəncirini qurmaqdır. Bu yanaşma azad edilmiş bölgələrdə xammalın yerindəcə ilkin emalını təmin edəcək, regional sənaye parkları ilə inteqrasiyanı gücləndirəcək və regionda yüksək əlavə dəyər yaradacaqdır.
Ölkə üzrə proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin açılması nəzərdə tutulur ki, bunun da əhəmiyyətli hissəsi azad edilmiş rayonların payına düşür. Mədən sənayesinin inkişafı regiona köçən əhalinin məşğulluq problemini kökündən həll edəcək və insanların öz doğma torpaqlarında daimi məskunlaşmasını sürətləndirəcəkdir.
Təbii yataqların istismarı və iri mədən komplekslərinin qurulması həmin ərazilərdə logistika, yol, elektrik və su təchizatı infrastrukturunun daha da təkmilləşdirilməsini tələb edir. Bu isə mədənlərin yaxınlığında yerləşən kənd və şəhərlərin infrastruktur təminatını gücləndirərək bölgənin sosial-iqtisadi simasını tamamilə müsbətə doğru dəyişəcəkdir.
Dövlət Proqramı azad edilmiş rayonların mineral resurs xəritəsini və şəffaf fəaliyyət mexanizmlərini ortaya qoyduğu üçün böyük xarici korporasiyalar və yerli investorlar üçün hüquqi təminat yaradır. Regiona axan investisiyalar ümumi iqtisadi canlanmaya rəvac verəcəkdir.Proqram 2027–2030-cu illəri əhatə edən cəmi 4 illik qısamüddətli və intensiv icra planına malikdir. Bu da azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycan iqtisadiyyatının lokomotivlərindən birinə çevriləcəyini nümayiş etdirir.
İqtisadçı-ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru və “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Əyyub Kərimli baki-xeber.com-a bildirdi ki, Azərbaycan iqtisadiyyatı üçün qarşıdakı dövrdə əsas məsələlərdən biri qeyri-neft sektorunda yeni və dayanıqlı artım mənbələrinin formalaşdırılmasıdır. “Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramında kifayət qədər iddialı hədəflər müəyyən edilib. Sektorun ÜDM-ə töhfəsinin hazırkı təxminən 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bunun üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya planlaşdırılır.
Əsas məsələ yalnız qızıl, mis və digər filizlərin çıxarılması deyil. İqtisadi baxımdan daha səmərəli model xammalın ölkə daxilində emal edilməsi, metallurgiya və son məhsul istehsalının genişləndirilməsi və bununla daha yüksək əlavə dəyərin Azərbaycanda qalmasıdır.
Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, Kəlbəcər, Ağdərə və digər ərazilərdə yerləşən yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi regionlarda məşğulluğun və biznes fəallığının artmasına əlavə təkan verə bilər”.
Ə.Kərimli hesab edir ki, bu strategiya uğurla icra olunarsa, dağ-mədən və metallurgiya sənayesi təkcə yeni ixrac mənbəyi deyil, həm də qeyri-neft sənayesinin yeni artım sütunlarından birinə çevrilə bilər.
İradə SARIYEVA