ABŞ və İran arasında aylarla fasilədən sonra yenidən başlayan danışıqlarda Hörmüz boğazı əsas müzakirəmövzusu olub. Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. İddialara görə, Vaşinqton Tehranın Hörmüz boğazını yenidən açmaq təklifini rədd edib.
Paylaşılan məlumatlara görə, görüşlər birbaşa keçirilməyib. ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bir otaqda, İranın xarici işlər naziri Abbas Arakçi isə başqa bir otaqda olarkən, Qətər nümayəndə heyəti vasitəçi rolunu oynayıb. İran tərəfinin danışıqlar zamanı Hörmüz boğazının yenidən açılması məsələsini qaldırdığı, lakin ABŞ nümayəndə heyətinin təklifi qəbul etmədiyi bildirilir.
İsrailin "Channel 12" telekanalının məlumatına görə, Vaşinqton İrana "Boğazı siz idarə etmirsiniz" mesajı göndərib və Tehranın belə bir təklif vermək iqtidarında olub-olmadığını soruşub.
İranın dövlət televiziyası IRIB-ə istinadən verilən məlumata görə, Tehran Vaşinqtona tələblərini yerinə yetirmək üçün bir həftə vaxt verib.
İranın tələbləri arasında ABŞ-ın dəniz blokadasının dərhal qaldırılması, dondurulmuş İran aktivlərinin azad edilməsi və "bütün müqavimət cəbhələrində müharibəyə son qoyulması" yer alır.
İyun ayının ortalarından bəri iki tərəf arasında danışıqların ilk mərhələsi kimi xarakterizə edilən təmasların davam edə biləcəyi bildirilib.
Məsələyə yaxın mənbə Kanal 12-yə danışaraq bildirib ki, BMT Baş Assambleyasının sonuna qədər yeni dolayı danışıqlar baş tuta bilər. Bununla belə, vasitəçilərin ABŞ prezidenti Trampdan danışıqların davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərar gözlədiyi bildirilib.
Tahir TAĞIYEV