Ukrayna Prezidenti Zelenski ilə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen arasında Nyu-Yorkda keçirilən görüş gərgin keçib.
“Bloomberg” məsələ ilə tanış mənbəyə istinadən bildirib ki, Zelenski və Fon der Lyayen görüşdə Ukraynaya əlavə maliyyə və müdafiə dəstəyini müzakirə ediblər. Ancaq görüş gərgin keçib.
Ukrayna tərəfi qışda Rusiya hücumlarının potensial eskalasiyası və hava hücumundan müdafiə raketlərinin çatışmazlığı ilə bağlı narahatlığını dilə gətirib.
Mənbə həmçinin bildirib ki, Ukrayna danışıqlar zamanı Aİ-nin daha geniş sanksiyalar rejiminin uzadılması barədə razılaşmanın bir hissəsi olaraq iki rusiyalı oliqarxa qarşı sanksiyaları ləğv etmək qərarına sərt reaksiya verib.
Görüşdən sonra Fon der Lyayen X (Twitter) hesabında yazıb ki, Avropa Ukraynanın müdafiəsini gücləndirmək üçün əvvəlkindən daha çox çalışır.
Tahir TAĞIYEV