Rəşad Bayramov: “Ekoloji standartlarla bağlı sərt mövqe həm iqtisadi, həm də idarəetmə mesajı kimi qəbul oluna bilər”
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ekoloji standartların gözlənilməsi ilə bağlı xarici investorlara xəbərdarlıq edib:
“Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir”.
Burada diqqəti çəkən məqam odur ki, əvvəllər ölkədə sərmayələrə ciddi ehtiyac olduğu üçün xarici investorların hansısa “kaprizlərinə” göz yumulurdu. Ekologiya ilə bağlı ciddi tələblər ortaya qoyulmurdu. Ancaq bundan sonra belə olmayacaq. Hansı xarici şirkət buna əmə etməsə cəzalandırılacaq. Bu, Azərbaycanın güclü dövlət olduğunu bir daha sübut edir.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının təqdimatı bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Proqramın qarşısında duran əsas məqsəd şübhəsiz ki, təkcə yeraltı sərvətlərin hasilatını artırmaqdan ibarət deyil. Eləcə də xammalın ölkə daxilində emal olunması, daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalı və nəticədə qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsidir. Qarşıdakı dörd il ərzində bu istiqamətə 5,3 milyard manat investisiya qoyulması, sektorun illik ixrac potensialının isə 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu genişmiqyaslı planın fonunda Prezident İlham Əliyevin xarici investorların ekoloji məsuliyyəti ilə bağlı sərt mesajı xüsusi diqqət çəkir. Dövlət başçısının “təbiət əsas sərvətimizdir” yanaşması göstərir ki, bundan sonra investisiyanın həcmi və layihənin iqtisadi gəlirliliyi ekoloji tələblərə riayət məsələsindən üstün tutulmayacaq. Xarici tərəfdaşlardan ən yüksək ekoloji standartlara əməl etmək tələb olunacağı, bu tələblərin pozulması halında isə sanksiyaların tətbiq ediləcəyi açıq şəkildə bildirilib. Eyni tələblərin dövlət şirkəti “AzerGold”a da şamil edilməsi xüsusilə əhəmiyyətlidir”.
R. Bayramovun fikrincə, əslində burada söhbət xarici investora münasibətin dəyişməsindən daha geniş prosesdən gedir: “Azərbaycan artıq mədən sənayesində təkcə sərmayə cəlb edən ölkə deyil, sərmayənin hansı şərtlərlə həyata keçiriləcəyini müəyyənləşdirməyə çalışan tərəf kimi çıxış edir. Bu yanaşmanın iqtisadi əsası da var. Dövlət Proqramında investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması nəzərdə tutulur. Yəni xarici və yerli özəl kapitala ehtiyac qalır, lakin bu kapitalın cəlb edilməsi ekoloji və digər dövlət tələblərindən imtina hesabına həyata keçirilməməlidir. Digər mühüm məqam dövlətin mədən sənayesində daha böyük rol götürməsidir. “AzerGold”un fəaliyyətinin genişləndirilməsi, “Filizçay”, “Dəmirli”, “Söyüdlü” və digər yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, filizdən hazır məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulması bu siyasətin tərkib hissəsidir.
Bu mənada ekoloji standartlarla bağlı sərt mövqe həm iqtisadi, həm də idarəetmə mesajı kimi qəbul oluna bilər. Yəni başqa sözlə Azərbaycanın təbii sərvətlərinin istismarı investisiya cəlb etmək məqsədi daşısa da, dövlət həmin proses üzərində nəzarəti qorumaq niyyətindədir. Qarşıdakı mərhələdə əsas məsələ isə bu siyasi iradənin real monitorinq, şəffaf ekspertiza və bütün investorlar üçün eyni qaydaların tətbiqi ilə təmin edilməsidir. Dövlət Proqramının icrasına illik nəzarət və monitorinq mexanizmlərinin müəyyənləşdirilməsi də məhz bu baxımdan əhəmiyyətlidir”.
Vidadi ORDAHALLI