Məlum olduğu kimi, Milli Məclisin sentyabrın 21-də keçirilən iclasında deputat Səyyad Aran Səhiyyə Nazirliyinin fəaliyyəti, şəxsən nazir Teymur Musayevin özünün vətəndaşlara qarşı davranışı ilə bağlı tənqidi fikirlər səsləndirib. Deputat bildirib ki, gerçək şikayətçilər kənarda qalır, nazirin qəbuluna isə öncədən razılaşdırılmış adamlar salınır: "Səhiyyə naziri qəbula gedir, bəndi-bərəni elə bağlayırlar ki, ona yaxın düşmək olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları... Nə isə, bu sözü demək istəmirəm. Qəbuldan çıxanda da bu nazirləri elə aradan çıxarıb göndərirlər Bakıya! Əsl şikayəti olan adamlar sözünü nazirə deyə bilmir".
Səhiyyə Nazirliyi deputatın tənqidlərinə dərhal cavab verərək bildirib ki, rayon və şəhərlərdə vətəndaşları qəbul etmək nazirliyin yox, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vəzifəsidir. Nazirlik açıqlamasında vurğulayıb: "Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir. Sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir". Səhiyyə Nazirliyinin internet saytına nəzər salanda isə məlum olub ki, hazırda 2026-cı ilin sentyabr ayı olmasına baxmayaraq, saytda hələ də 2025-ci ilin vətəndaş qəbulu cədvəlidir. Bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevriləndən sonra nazirliyin saytında müvafiq dəyişiklik edilib. Səhiyyə Nazirliyinin vətəndaşların müraciətlərinə münasibəti Ombudsmanın 2025-ci ilə dair illik məruzəsində də əksini tapıb. Sənəddən məlum olur ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi "İnformasiya əldə etmək haqqında" qanunun tələblərinə əməl etmədiyinə, vətəndaş sorğusuna cavab vermədiyinə görə məhkəmə qərarı ilə cəzalandırılıb. Ombudsmanın məruzəsində başqa dövlət qurumlarının da vətəndaşların müraciətlərinə biganə münasibətlərindən bəhs olunur. Konkret olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sorğularını cavablandırmadığı bildirilir. Ombudsman Aparatında vətəndaş şikayəti əsasında Dövlət Əmək Müfəttişliyi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanıb, bu barədə onlara xəbər verilib. Yalnız bundan sonra adıçəkilən qurum sorğunu cavablandırıb. Hələ 2023-cü ildə Ombudsman Aparatı açıqlamışdı ki, informasiya əldə etmək hüquqlarının pozulması ilə əlaqədar 30-dan çox iş üzrə inzibati icraat aparılıb, protokollar tərtib edilib. Qurumun bildirdiyinə görə, bəzi hallarda məhkəmə informasiya sahibinin ərizəçinin sorğusuna fərqli və əsaslandırılmamış cavablar verməsini araşdırmayıb, bununla da inzibati xətanın törədilməsinə hüquqi qiymət verilməyib. Ekspertlərin fikrincə, "İnformasiya əldə etmək haqqında" qanunda informasiya sorğusuna 7 gün ərzində cavab verilməsi nəzərdə tutulsa da, buna çox vaxt əməl olunmur. Xüsusilə dövlət vəsaitlərinin xərclənməsi, tenderlər və büdcə təyinatları ilə bağlı müraciətlər daha çox gözardı edilir. Qanunvericiliyin icrasına nəzarət edən Ombudsman Aparatının isə icraedici qurumlara təsir rıçaqları zəifdir.
Tahir TAĞIYEV