ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Rusiya ordusu döyüş meydanında pis vəziyyətdə olduğu üçün Ukraynadakı müharibə Rusiyanın qələbəsi ilə bitməyəcək,
"Bu müharibə hər iki tərəf üçün pisdir. Açıq desək bu Ukrayna üçün çox pisdir və Rusiya üçün də zərərlidir. Buna görə də onu dayandırmaq tamamilə məntiqlidir. Amma təəssüf ki, xarici siyasətdə və bu kimi məsələlərdə məntiqli olan həmişə baş vermir", - Rubio WABC radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar nəticə etibarilə danışıqlar yolu ilə başa çatacaq. "Bu nə qədər tez baş verərsə, bir o qədər az insan öləcək və bir o qədər az dağıntı olacaq", - deyə Rubio vurğulayıb.
O, Tramp administrasiyasının Ukrayna ilə Rusiya arasındakı fikir ayrılıqlarını həll etməyə çalışacağına əmin olduğunu, lakin Moskva ilə Kiyevin hazırda sülh razılaşmasından uzaq olduğunu etiraf edib.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda ABŞ prezidenti Trampla danışıqlar aparıb. Görüşdə Ağ Ev rəhbəri Rusiya ilə Ukrayna arasında "razılaşma" şanslarından danışıb. "Bu razılaşmanın dəqiq nə olacağını demək istəmirəm…. Prezident Putinlə bunu çox müzakirə edirik", - deyən Tramp, müharibəyə son qoymağın "vaxtının çatdığını" bildirib.
Tahir TAĞIYEV