Məhəmməd Əsədullazadə: “Rusiya açıq şəkildə Qərblə konfrontasiyaya gedir və Ukraynada müharibəni davam etdirir”
Belarus Suvalski dəhlizi yaxınlığında hərbi təlim keçəndən sonra Avropanın kəşfiyyat qurumları hərəkətə keçib. Makron Fransanın siyasi liderləri ilə qapalı görüş keçirərək kəşfiyyat məlumatlarını müzakirə edib.
Polşanın baş naziri xəbərdarlıq edib ki, Rusiya NATO ölkələrinə dron hücumları təşkil edəcək və bunu təsadüf adlandıracaq. Böyük Britaniyada əhalini açıq şəkildə müharibəyə hazırlaşmağa çağırıblar, onlara konserv və içməli su ehtiyatı toplamağı məsləhət görüblər. Almaniyada xəstəxanalar Rusiyanın mümkün hücumu üçün hazır vəziyyətə gətirilir. Hətta hər zaman tərəfsiz qalan İsveçrədə də yeni milli təhlükəsizlik strategiyası açıqlanıb. ABŞ MKİ rəhbərini məxfi missiya ilə Polşaya göndərib və orada hərbi bazanın qurulmasını sürətləndiriblər.
Nə baş verir? Həqiqətənmi Putin şantaj məqsədilə müharibəni Ukraynadan kənara çıxarmağa cəhd edəcək?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya-Ukrayna müharibəsinin Avropaya sıçrama təhlükəsi var: “Rusiya-Ukrayna müharibəsi demək olar artıq NATO-Rusiya siyasi və hərbi böhran müstəvisinə keçir. Məsələ ondadır ki, Putin həqiqətən də Avropa ölkələrini təhdid edir. Son günlər Rusiya dronlarının Baltikyanı ölkələrin, Polşanın hava sərhədlərini pozması adi hal alıb. Əsla bütün bunlar təsadüfü deyil. Hiss olunur ki, Rusiya Avropa ölkələrini provokasiyaya çəkmək istəyir. Rusiyanın Böyük Britaniya və Fransaya qarşı təhdidləri də artır. Fransanın prezidenti Makron açıq şəkildə dedi ki, Rusiyanın hibrid təhdidlərinə qarşı təşkilatlanmaq lazımdır. Bütün bunların fonunda Suvalski dəhlizi yaxınlığında hərbi təlimlərin keçirilməsi əsla təsadüfü deyil. Belarus Rusiya ilə iç-içə olan bir dövlətdir. Düzdür, Lukaşenko istəmir ölkəsi müharibəyə qoşulsun. Çünki bunun Belarus üçün çox ağır nəticələri olacaq. Ancaq o da məlumdur ki, Lukaşenko Putinə sona qədər dirəniş göstərə bilməyəcək. Çünki onu hakimiyyətdə saxlayan Rusiyadır. Putin bütün bunlarla həm də NATO-nun nəbzini yoxlayır. Görünən odur ki, Rusiya açıq şəkildə Qərblə konfrontasiyaya gedir və Ukraynada müharibəni davam etdirir. Hesab edirəm ki, bu, yeni genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Ancaq problem ondadır ki, hazırda Rusiyanın imkanları aşağıdır. Rusiya əgər Ukraynada irəliləyə bilsə, mövqelərini möhkəmləndirsə Baltikyanı ölkələrə təzyiqləri artıracaq. Rusiyanın strateji məqsədi odur ki, Qərb Moskvanın təsir zonasını tanısın. Bu istiqamətdə də hələ də fəaliyyətini davam etdirir”.
Vidadi ORDAHALLI