Arzuxan Əlizadə: “Putin bununla əslində sətiraltı mesaj verir”
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb.
“Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı və uğurlar, dost Ermənistan xalqına isə rifah və tərəqqi arzulayıram”, - Putin bildirib.
Göründüyü kimi, Putin Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edir, amma indiyə qədər onu seçkilərdə qazandığı qələbəyə görə təbrik etməyib. Halbuki, Ermənistanda keçirilən seçkilərdən 3 aydan çox vaxt keçib. Paradoksal deyilmi?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a açıqlamasında bildirdi ki, Putin bununla əslində sətiraltı mesaj verir: “Bunun mənası odur ki, Rusiya üçün Ermənistan hakimiyyəti yox, dövləti, cəmiyyəti önəmlidir. Demək istəyirlər ki, bu gün Ermənistanda Paşinyan hakimiyyətdə olsa da, sabah başqa qüvvələr hakimiyyətdə olacaq. O zaman yanaşma fərqli olacaq. Necə ki, Köçəryan və Sarkisyanın timsalında “Qarabağ klanı” 20 il hakimiyyətdə oldu. Həmin dövrdə Ermənistan faktiki olaraq Rusiyanın satileti rolunda çıxış edirdi. İndi Paşinyanın timsalında bunlar olmadığı üçün Rusiya bu qədər qəzəblidir. Putinin imkanı olsaydı zor gücü ilə Paşinyan devirərdi. Sadəcə bir sıra səbəblərdən indi belə bir imkanları yoxdur. Çünki Ukraynada gedən müharibə Rusiyanın Ermənistanda mövqelərini zəiflədib. Yoxsa bu həmin Rusiyadır ki, 1999-cu ilin oktyabrında Ermənistanda parlamenti gülləbaran etdi. O zaman Putin Rusiyanın baş naziri idi. Parlamentdə terror aktını törədənlər bir həftə əvvəl Rastovdan Ermənistana gəlmişdilər. Digər tərəfdən Putin bununla onu deməyə çalışır ki, ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq Rusiya Ermənistandan asanlıqla çıxmayacaq. Düzdür, bir müddət əvvəl Putin bəyan etdi ki, Ermənistan istəsə günü sabah 102-ci bazanı oradan çıxaracaq. Əslində bu, heç də belə deyil. Çünki Ermənistan hərbi baxımdan Cənubi Qafqazda Rusiyanın yeganə dayaq məntəqəsidir. Putin bütün vasitələrlə çalışacaq ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunu qorusun. Ancaq bu gedişlə bunun baş verəcəyini düşünmürəm. Ən azından ona görə ki, dünyada və regionda gedən proseslər Rusiyanın əleyhinə işləyir”.
Vidadi ORDAHALLI