Rusiyada parlament seçkilərindən sonra yeni ümumi səfərbərlik mərhələsinin başlayacağı ehtimalı müzakirə olunur. Müxtəlif mənbələrdə seçkidən sonra yeni səfərbərlik dalğasının elan edilə biləcəyi barədə iddialar səsləndirilib. Lakin Rusiya hakimiyyəti indiyədək belə bir qərarın hazırlandığını rəsmi şəkildə təsdiqləməyib. Buna görə də hazırda söhbət təsdiqlənmiş qərardan deyil, ehtimal və müxtəlif mənbələrin irəli sürdüyü iddialardan gedir.
Rusiyada parlament seçkilərindən sonra yeni ümumi səfərbərlik elan ediləcəyi təqdirdə, Qərb ölkələri buna necə reaksiya verə bilər və bu addım Rusiya-Ukrayna müharibəsinin gedişinə və Moskva-Qərb münasibətlərinə necə təsir göstərə bilər?
Tofiq Abbasov: “30-cu ilə qədər Rusiya ilə Qərb arasında müharibə olacaq”
Politoloq Tofiq Abbasov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, hazırkı vəziyyətin əsas göstəricilərindən biri həm Qərbin, həm də Rusiyanın yeni müharibə hazırlıqlarını davam etdirməsidir. Onun sözlərinə görə, bu proses, xüsusilə Avropada daha aydın müşahidə olunur.
“Almaniyada hərbi konsernlər, zavodlar və müəssisələr yeni silahların layihələndirilməsi və istehsalı ilə bağlı fəaliyyətlərini genişləndirir. Almaniyanın hərbi büdcəsi də durmadan artır. Kansler Fridrix Merts də Rusiyanı böyük təhlükə kimi gördüyünü və Almaniyanın müdafiə imkanlarını gücləndirməli olduğunu açıq şəkildə bildirir”, – deyə politoloq qeyd edib.
T.Abbasovun fikrincə, Fransa, Almaniya və Böyük Britaniya Rusiyaya münasibətdə kifayət qədər sərt mövqe nümayiş etdirirlər. O hesab edir ki, Qərbin əsas məqsədlərindən biri Ukrayna müharibəsi vasitəsilə Rusiyanın imkanlarını zəiflətməkdir.
Politoloq sülh danışıqları ilə bağlı vəziyyətin də hələlik nikbin nəticələr vəd etmədiyini bildirib. Onun sözlərinə görə, Moskva bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edir, digər tərəfdən isə müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Bu tələblər arasında Ukraynanın NATO-ya üzvlük məsələsindən imtina etməsi, Rusiyanın nəzarətində olan ərazilərlə bağlı güzəştlərin edilməsi və Ukrayna ərazisində Qərbin hərbi mövcudluğunun məhdudlaşdırılması kimi məsələlər yer alır.
Tofiq Abbasov ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətinin də vəziyyətin mürəkkəbliyini artırdığını düşünür. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bir tərəfdən Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çağırışlar edir, digər tərəfdən isə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə gedir. Politoloqun fikrincə, bu, Vaşinqtonun Moskvanı iqtisadi baxımdan zəiflətmək siyasətinin davam etdiyini göstərir.
Politoloq Rusiya, Çin, İran və Şimali Koreya arasındakı yaxınlaşmaya da diqqət çəkib. Onun fikrincə, Qərbin Rusiyaya qarşı təzyiqlərinin artması Moskva-Pekin-Tehran əməkdaşlığını zəiflətmək əvəzinə, əksinə, bu ölkələrin qarşılıqlı əlaqələrinin daha da güclənməsinə səbəb ola bilər.
T.Abbasov hesab edir ki, Rusiya ilə Qərb arasında qarşıdurma yaxın illərdə daha da dərinləşə bilər. “Mən düşünürəm ki, ən yaxın zamanlarda, yəqin ki, 2030-cu ilə qədər müharibə olacaq. Yəni müharibə artıq Rusiya ilə Avropa, Qərb arasında olacaq”, – deyə o bildirib.
Politoloq Baltikyanı ölkələrlə bağlı da risklərin artdığını düşünür. Onun fikrincə, Moskva NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını uzun müddətdir təhlükə kimi qiymətləndirir və bu amil gələcəkdə yeni qarşıdurmalara səbəb ola bilər.
Tofiq Abbasov Rusiyada mümkün səfərbərlik məsələsinə də toxunub. O, bu məsələnin artıq ölkədə gündəmdə olduğunu və yaxın vaxtlarda rəsmi şəkildə elan edilə biləcəyini istisna etməyib.
“2030-cu ilə qədər prosesləri nəzərdən keçirəndə görürük ki, ürəkaçan məqamlar azdır, daha çox həyəcan doğuran işartılar var. Artıq Rusiya ilə Qərb arasında ölüm-dirim mübarizəsi gedir. Hər iki tərəfin müttəfiqləri var və onlar maksimal şəkildə öz məqsədlərinə nail olmağa çalışacaqlar. Bunun hansı itkilərlə nəticələnəcəyini isə qarşıdurmanın özü göstərəcək”, – deyən politoloq əlavə edib ki, Rusiya son dövrlərdə Avropadakı hərbi sənaye obyektlərini də potensial hədəf kimi nəzərdən keçirə biləcəyinə dair mesajlar verir. Politoloqun fikrincə, bu cür açıqlamalar qarşıdurmanın artıq yalnız Ukrayna ərazisi ilə məhdudlaşmaması riskinin artdığını göstərir.
Dəniz NƏSİRLİ