Litva Seymi nüvə silahları da daxil olmaqla kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsinə qoyulan konstitusiya qadağasının qaldırılmasını təsdiqləyib. Millət vəkillərinin 99-u, 13-ü əleyhinə, beşi isə bitərəf qalıb. Konstitusiya düzəlişinin qəbul edilməsi üçün daha iki səsvermə keçiriləcək. Birinci səsvermə 6 oktyabrda, son səsvermə isə 12 yanvar 2027-ci ildə keçiriləcək. Təşəbbüs parlamentin 141 üzvündən ən azı 94-nün dəstəyini almalıdır.
Qanun layihəsinin müəllifi və Seym spikeri Yuozas Olekas sessiya zamanı bildirib ki, NATO-nun nüvə çəkindirmə sistemi Alyansın kollektiv müdafiə arxitekturasının vacib bir hissəsidir: “NATO-nun nüvə potensialının məqsədi sülhü qorumaq, nüvə şantajı və məcburiyyətinin qarşısını almaq və etibarlı çəkindirməni təmin etməkdir. Kollektiv müdafiənin bir hissəsi olan bu çəkindirmə sistemi onilliklərdir mövcuddur və Alyansa qarşı genişmiqyaslı təcavüz riskini azaldan ən vacib amillərdən biridir".
Onun sözlərinə görə, NATO ölkələrinin böyük əksəriyyətində belə məhdudiyyətlər yoxdur: “Latviya, Estoniya və Polşa kimi qonşu ölkələrimizdə də heç bir məhdudiyyət yoxdur. Litva müttəfiqlərinə və rəqiblərinə müstəqilliyini bütün zəruri vasitələrlə müdafiə edəcəyini açıq şəkildə nümayiş etdirməlidir. Biz digər NATO ölkələrindən daha az təhlükəsiz ola bilmərik. Biz Litvanın NATO-nun nüvə silahlarından çəkindirməsində tamhüquqlu iştirakçı olduğuna dair siqnal göndərməliyik”, - Seym Xarici İşlər Komitəsinin sədri Remigijus Motuzas qanun layihəsi ilə bağlı müzakirələr zamanı bildirib.
İyun ayında Litva hakimiyyəti öz ərazilərində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı danışıqlar apardıqlarını təsdiqləyib. "Financial Times" qəzeti bunların arasında Amerika strateji bombardmançı təyyarələrinin də olduğunu bildirib. Buna cavab olaraq Kreml Litvanı nüvə başlıqları ilə hədəfə alacağı ilə hədələyib.
Tahir TAĞIYEV