Əpoş Vəliyev: “Məktəblilərin vahid formadan istifadə etməsi bütün mənalarda özündə müsbət istiqamətləri ifadə edir”
Orta ümumtəhsil məktəblərində şagirdlərin vahid məktəbli formasından istifadə etməsi bir zərurətdir. Məktəblərdə vahid geyim formasına dair tələblərlə bağlı yeni qaydalar müəyyənləşdirilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Eyni zamanda, milli-mədəni tədbirlər zamanı Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onun elementlərindən istifadə mümkün olacaq.
Vahid məktəbli formasının şagirdlərdə sosial ədalət, kollektivçilik prinsiplərinin formalaşmasında və eqoizmdən uzaqlaşmasında hansısa rolu oynaya bilərmi?
Təhsil ekspertlər, sosioloq və psixoloqlar hesab edir ki, bu forma şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinə, onlarda daxili nizam-intizam məsuliyyətinin artmasına olduqca müsbət təsir göstərir. Ekspertlərə görə, şagirdlərin eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların qarşılıqlı münasibətində, eləcə də sinif otaqlarında real sosial bərabərliyin bərqərar olmasında mühüm pedaqoji rol oynayır.
Sosioloqların fikrincə, vahid məktəbli forması şagirdlərdə sosial ədalət, kollektivçilik hissinin formalaşmasında və eqoizmin azaldılmasında mühüm psixoloji və sosioloji rol oynaya bilər.
Vahid forma müxtəlif sosial-iqtisadi təbəqədən olan ailələrin övladlarını zahirən bərabərləşdirir. Bahalı və ya brend geyimlər vasitəsilə özünü nümayiş etdirmək imkanı ortadan qalxır.
Maddi imkanı aşağı olan ailələrin uşaqları geyimə görə özlərini pis hiss etmir, bullinqə (yaşıdları tərəfindən sıxışdırılmağa) məruz qalmırlar. Bu da sinifdə ədalətli mühit yaradır.
Eyni formanı geyinmək şagirdlərdə "biz eyni komandanın üzvüyük" düşüncəsini formalaşdırır. İdman komandalarında olduğu kimi, vahid geyim forması ümumi məqsəd və birlik hissini gücləndirir. Şagirdlər özlərini qrupdan təcrid olunmuş fərd kimi deyil, böyük bir kollektivin bir parçası kimi dərk etməyə başlayırlar.
Eqoizmdən uzaqlaşma məsələsində də bu amilin xüsusi rolu var.
Psixoloqlar hesab edir ki, geyim üzərindən qurulan "mən hamıdan üstünəm" və ya "mən hamıdan fərqli olmalıyam" kimi eqoist yanaşmalar məktəbli formalarının timsalında zəifləyir.
Vahid forma geyinən uşaqlar özlərini geyimlərlə deyil, bilikləri, bacarıqları, xarakterləri və davranışları ilə sübut etməyə məcbur olurlar. Bu da eqonu deyil, şəxsi inkişafı stimullaşdırır.
Vahid forma bu prinsiplərin formalaşmasında güclü bir vasitədir.
Bəzi ekspertlərə görə isə, sosial ədalət və kollektivçilik prinsiplərinin tam oturuşması üçün məktəbdə düzgün təlim-tərbiyə mühiti, müəllimlərin ədalətli yanaşması və şagirdlər arasında sağlam ünsiyyət formalaşdırılmalıdır.
Filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Əpoş Vəliyev baki-xeber.com-a bildirdi ki, vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin görünüşünü azaldır və bərabərlik hissini gücləndirir. “Eyni forma şagirdlərdə məktəbə və kollektivə mənsubiyyət hissini gücləndirir, onlar arasında birlik və həmrəylik duyğusunun yaranmasına kömək edir. Geyim üzərindən maddi imkanların nümayiş etdirilməsi və bunun uşaqlar arasında müqayisə və rəqabət yaratması da azalır. Buna görə də vahid məktəbli forması təqdir olunaraq alqışlanmalıdır”.
Ə.Vəliyevin fikrincə, lakin vahid forma sosial ədaləti və ya eqoizmdən uzaqlaşmanı avtomatik şəkildə tam təmin etmir. “Uşağın dünyagörüşünün və davranışının formalaşmasında ailə tərbiyəsi, müəllimin nümunəsi, məktəbdəki münasibətlər və ümumi təhsil mühiti daha böyük əhəmiyyət daşıyır. Burada ailə tərbiyəsi xüsusilə önəmlidir”-deyə Ə.Vəliyev qeyd etdi.
Ekspert əlavə olaraq bildirdi ki, vahid məktəbli forması şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. “Məktəblilərin vahid formadan istifadə etməsi bütün mənalarda özündə müsbət istiqamətləri ifadə edir”-deyə ekspert vurğuladı.
İradə SARIYEVA