Aİ-nin daimi nümayəndələri bazar ertəsi günü bir neçə min Rusiya fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların uzadılması ilə bağlı ilkin razılığa gəliblər, eyni zamanda milyarderlər Əlişir Usmanov və Mixail Fridmanı sanksiya siyahısından çıxarmağa hazırdırlar.
Çexiyanın CT24 televiziya kanalı mənbələrə istinadən xəbər verir ki, hazırda kompromis müzakirə olunur: bir tərəfdən, müddətin uzadılması indiki altı ay əvəzinə üç il müddətinə nəzərdə tutulacaq. Digər tərəfdən isə, bütün ölkələr Fridman və Usmanovun siyahıdan çıxarılmasına razı olacaqlar.
Kanal vurğulayır ki, Aİ ölkələri artıq bu qərarın yekun təsdiqlənməsi üçün yazılı prosedur başladacaqlar.
Sentyabrın əvvəlində daimi nümayəndələr məsələni müzakirə etmək üçün əlavə vaxt qazanmaq məqsədilə sanksiyaları bir həftə, yəni 22 sentyabra qədər uzadıblar. Sanksiyaların təxminən 3000 şirkət və fərdi şəxsə təsir etdiyi bildirilir.
"Politico" mənbələrə istinadən xəbər verir ki, sentyabrın əvvəlində daimi nümayəndələr sanksiyaların uzadılması barədə razılığa gələ bilməyiblər. Qəzetin məlumatına görə, Slovakiya Usmanov və Fridmanın sanksiya siyahısından çıxarılmasını tələb edib. Fransa isə yalnız Usmanovu kənarlaşdıracaq kompromis təklif edib.
Tahir TAĞIYEV