Türkiyə Prezidenti Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunun islah edilməli və veto səlahiyyətinin artıq müasir reallıqlara cavab vermədiyi üçün ləğv edilməli olduğunu bildirib.
"Hazırda islahat ehtiyacını konkret yol xəritəsinə çevirmək çox vacibdir. Veto hüququnun ləğvi bu yol xəritəsinin əsasını təşkil etməlidir" – deyə Ərdoğan “Bloomberg” üçün yazdığı məqalədə bildirib.
O, həmçinin ölkələrin BMT Təhlükəsizlik Şurasında necə təmsil olunmasına "daha effektiv, bərabər və məsuliyyətli yanaşmanın" vacibliyini qeyd edib: "Bu, təkcə nümayəndələrin sayının genişləndirilməsini deyil, həm də liderlik rolları üçün məsuliyyətin ədalətli bölüşdürülməsini tələb edir".
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan hazırkı strukturundan danışan Türkiyə lideri qeyd edib ki, dünya bu beş ölkədən (veto hüququ olan) daha böyükdür.
Türkiyə Prezidenti vurğulayıb ki, xüsusilə pandemiya və enerji böhranlarının şahidi olduğu son illər qlobal böhranların həllini yalnız bir neçə paytaxtın ixtiyarına buraxmağın artıq müasir dünyanın reallıqları ilə uyğun olmadığını göstərib.
Ərdoğanın BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğvi və daimi üzvlükdən imtina edərək rotasiyalı üzvlük təklifinə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, BMT TŞ-nin daimi üzvlərinin təsisatı və onların veto hüququ təşkilatın bütün strukturu üçün vacib elementdir.
"Biz inanırıq ki, BMT Təhlükəsizlik Şurası mütləq islah olunmalıdır. Daimi üzvlük mütləq genişləndirilməlidir. Təhlükəsizlik Şurasında mütləq səsə malik olmalı olan bir çox dövlət və dövlətlərarası qurumlar meydana çıxıb. Lakin eyni zamanda, biz inanırıq ki, Təhlükəsizlik Şurasının daimi üzvlük institutu, eləcə də veto hüququ Birləşmiş Millətlər Təşkilatının bütün strukturu üçün çox vacib elementdir" – deyə Peskov bildirib.
Tahir TAĞIYEV