Elşad Həsənov: “Paşinyan Rusiyaya mesaj verir ki, əvvəlki kimi siyasətinizi Ermənistan üzərində qura bilməzsiniz”
“Ermənistanda sülh mühiti olduğu müddətdə İrəvanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi ola bilməz, çünki münaqişə şəraitində olan Ermənistanın Rusiya ilə münasibətləri sülh şəraitində olan Ermənistanın Rusiya münasibətlərindən fərqlidir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan onu da qeyd edib ki, əgər Ermənistanda Azərbaycanla bağlı çıxışlarda əvvəlki illərdə olduğu kimi sərt ifadələr işlədilsə, ölkə çox tez bir zamanda özünü münaqişə və müharibə girdabında tapacaq.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Ermənistanda Rusiya ilə vəziyyətin gərgin olduğu bir dövrdə müxalifət müxtəlif vasitələrdən istifadə edir: “Rusiya uzun illər Qarabağın işğalı amilindən istifadə edərək Ermənistan və Azərbaycanı təzyiq altında saxlamağa çalışırdı. Xüsusən də Ermənistanı. Məhz Rusiyanın dəstək və himayəsi ilə Moskvaya bağlı “Qarabağ klanı” 20 il hakimiyyətdə qaldı. Həmin qüvvələr Moskvadan gələn təlimatlara əsasən öz siyasətini müəyyən edirdilər. Məlum olduğu kimi, Qarabağ məsələsi həll edilib. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Bu isə o deməkdir ki, Rusiya Qarabağın işğal amilindən bir təzyiq vasitəsi kimi istifadə etməkdən məhrum olub. Fikrimcə, Paşinyan “Ermənistanda sülh mühiti olduğu müddətdə İrəvanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi ola bilməz” deməklə dolayı olaraq buna işarə edir. Yəni demək istəyir ki, əvvəlki kimi siyasətinizi Ermənistan üzərində qura bilməzsiniz. Revanşistlərin çağırışlarına gəldikdə isə, onlar həqiqətən də vəziyyəti gərginləşdirmək istəyirlər. Çünki onların fəaliyyəti sülhə yox, qarşıdurmaya xidmət edir. Onlar istəmirlər ki, iki ölkə arasında sülh sazişi imzalansın. Bu da Rusiyanın maraqlarına xidmət edir. Ona görə ki, Cənubi Qafqazda gərginlik Rusiyanın regiona müdaxiləsi üçün zəmin yaradır. Paşinyan bunların fərqində olduğu üçün açıq şəkildə bəyan edir ki, Kərki kəndi Ermənistana məxsus deyil. Eyni zamanda artıq “arsak” ifadəsi işlədilmir və Qarabağdan gələn ermənilərə vətəndaşlıq verilir. Çünki Paşinyan istəmir ki, növbəti gərginlik yaransın. O, yenidən müharibənin olmasını istəmir. Paşinyan Rusiya əsarətindən qurtulmaq üçün ciddi iş aparır. Məhz bu səbəbdən həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Azərbaycan buna dəstək olur. İki ölkə arasında sülh müqaviləsi imzalanmasa da Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması həyata keçirilir. Daha sonra ölkəmiz 17 milyon dollardan çox neft məhsulları satıb. Yəni ticari əlaqələr genişlənir, münasibətlər yaxşılaşır. Bunu da Ermənistan əhalisi öz gözləri ilə görür ki, münasibətlər yaxşı olduqca vəziyyət dahada yaxşılaşır”.
Vidadi ORDAHALLI