Regional qubernator Vyaçeslav Fedorişevin sözlərinə görə, 22 sentyabr gecəsi onlarla Ukrayna pilotsuz təyyarəsi Samara bölgəsinə hücum edib.
"Sənaye obyektləri hədəfə alınıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən şəxsi evlərə və avtomobillərə ziyan dəyib” – deyən Fedorişev hücum nəticəsində bir nəfərin öldüyünü, dörd nəfər də müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
“Astra” agentliyinin şahidlərə istindən, Samarada Kuybışev Neft Emalı Zavodunun dron hücumlarının hədəfi olduğunu bildirib. Hücumdan sonra böyük yanğın baş verib. “Rosneft” şirkətinə məxsus neft emalı zavodu regiondakı ən böyük zavodlardan biri hesab olunur. Onun gücü ildə 7 milyon ton neftdir. 2024-cü ildə zavod 4,7 milyon ton xam neft emal edib, 0,8 milyon ton benzin, 1,4 milyon ton dizel yanacağı və 1,3 milyon ton mazut istehsal edib. Neft emalı zavoduna bu ilin iyun ayında da dron hücumları olub və neft emalı dayandırılıb.
Tahir TAĞIYEV