Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Ufaya dron hücumu edib. “Astra” şahidlərə istinadən xəbər verir ki, şəhərin şimalındakı sənaye zonasında yanğın baş verib.
"Aspects-Bashkortostan" Telegram kanalının məlumatına görə, hədəf ildə 7,3 milyon ton istehsal gücünə malik Başneft-Novoil neft emalı zavodu olub. Bu zavod Rusiyada yüksək oktanlı benzin istehsalının təxminən 10%-ni və yağların 7%-dən çoxunu təşkil edir.
Başneft-Ufaneftexim və Başneft-UNPZ zavodları birlikdə, ildə ümumi gücü 23,5 milyon ton olan Ufa Neft Emalı Kompleksini təşkil edir. Neft emalı zavodlarının yerləşdiyi sənaye zonası Ukrayna sərhədindən təxminən 1400 km məsafədə yerləşir.
Respublikanın Dövlət Fövqəladə Hallar Komitəsinin sədri Kirill Pervovun sözlərinə görə, bu səhər Başqırdıstanda dron həyəcanı verilib. Regionda mobil internet bağlanıb. Ufa hava limanında təyyarələrin enişinə və uçuşuna məhdudiyyətlər tətbiq edilib.
"Rosneft"in törəmə şirkəti "Başneft"ə məxsus Ufadakı neft-kimya kompleksi Ukrayna Silahlı Qüvvələri tərəfindən dəfələrlə hədəfə alınıb. Bundan əvvəl Ukrayna dronları yerli neft emalı zavodlarına 25 iyun, 1 iyul, 8 iyul və avqust ayında ən azı dörd dəfə zərbələr endirib.
İyunun 16-da Başqırdıstan rəhbəri Radiy Xabirov bildirib ki, respublika hakimiyyəti PUA-larla mübarizə aparmaq üçün yüzə qədər "manevr edilə bilən atəş qrupu" yaratmaq üzərində işləyir".
Tahir TAĞIYEV