ABŞ prezident administrasiyası, tədbirlərin müstəqil jurnalistlər qrupu tərəfindən ənənəvi şəkildə işıqlandırılması əvəzinə, "TRUMP TV: The Essentials Station" adlı bir layihəyə start verib.
"Trump TV" kanalında Prezident Trampın iştirakı ilə çəkilmiş "ən yaxşı videolar və ən vacib məqamlar" heç bir tənqidi şərh olmadan, günün 24 saatı yayımlanacaq. Kanalın yaradılması Trampın CNN, MSNBC və "Politico" kimi media qurumlarının müxbirlərini "saxta xəbərlər" yaymaqda ittiham edərək Ağ Evə buraxmamaq barədə qərarından sonra baş tutub. Prezident bu qərarı köməkçisi Natali Harpın ona tənqidi xəbər süjetlərindən fraqmentlər göstərməsindən sonra verib. Həmrəylik nümayişi olaraq, ABŞ-ın əsas televiziya şəbəkələri — "Fox News Media", ABC News, CBS News, CNN və NBC News — Trampın iştirak etdiyi tədbirləri işıqlandırmaqdan imtina edərək boykot elan ediblər. Buna cavab olaraq Tramp medianı "demokratiya üçün təhlükə" adlandırıb və onlara giriş icazəsi vermək öhdəliyinin olmadığını bildirərək, özünə qarşı "nəzakət, hörmət və ləyaqətlə" davranılmasını tələb edib. CNN, MSNBC və "Politico" artıq Vaşinqtondakı federal məhkəmədə birgə iddia qaldıraraq, mətbuat akkreditasiyalarının dərhal bərpa olunmasını tələb ediblər. Tramp işə baxmaq üçün təyin edilmiş dairə hakimi Timoti Kellini ictimaiyyət qarşısında tənqid edib.
SAMİRƏ