Əli Orucov: “Ərəb ölkələri bu işə ortaq olursa, o zaman hasil ediləcək əlavə qazın marşrutu dəyişdirilməlidir”
Azərbaycanın strateji enerji infrastrukturunda ərəb kapitalının iştirakı genişlənir. Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkəti Cənub Qaz Dəhlizi QSC-nin 12,5 faiz payını əldə edib. Pay Azərbaycan dövlətinin iştirakından satılıb, SOCAR-ın 51 faizlik payına toxunulmayıb. İndi səhmdarların sayı üçə çatıb.
Pay satışından sonra Cənub Qaz Dəhlizi QSC-nin səhmdar strukturu belə formalaşıb: SOCAR – 51%, Azərbaycan dövləti – 36,5%, XRG SGC LIMITED – 12,5%.
O da məlumdur ki, Azərbaycan Suriyaya qaz ixrac edir. Məhz bundan sonra İordaniya Azərbaycandan qaz idxal etmək istədiyini bəyan edib. Əgər bundan sonra da Avropa şirkətləri CQD-nin səhm paketinə maraq göstərməsələr, o zaman hasil ediləcək əlavə qaz Yaxın Şərq və digər ölkələrə ixrac edilə bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov baki-xeber.com-a açıqlamasında prinsipcə, bunu istisna etmədi: “Məsələ ondadır ki, Azərbaycan öz imkanları və kreditlər hesabına Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Qaz kəmərlərini ərsəyə gətirdi. 2020-ci ilin sonunda isə Cənub Qaz Dəhlizi işə düşdü. Azərbaycan qazı İtaliya və digər Avropa ölkələrinə ixrac olunmağa başladı. Cənub Qaz Dəhlizi QSC 2014-cü ildə yaradılıb. Şirkətin aktivlərinə “Şahdəniz” qaz-kondensat yatağında iştirak payı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP daxil olmaqla böyük enerji infrastrukturu daxildir. Sistemin boru kəmərlərinin ümumi uzunluğu təxminən 3 500 kilometrdir. Hazırkı nəql imkanları ildə 26 milyard kubmetrədək qaz təşkil edir. Marşrut Xəzərin Azərbaycan sektorundan başlayaraq Gürcüstan və Türkiyə üzərindən Cənubi Avropaya qədər uzanır. Avropa bu layihələrə qrant şəklində ciddi maliyyə dəstəyi göstərməyib. Neçə müddətdir Avropa İttifaqı Azərbaycanın üzv ölkələrə daha çox qaz ixrac etməsini istəyir. Bunun üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsinə ehtiyac var. Ancaq Avroittifaq qazıntı yanacağını bəhanə edərək Azərbaycana kredit ayırmaqdan yayınır. Belə olan halda Azərbaycan ya bu dəhlizi genişləndirməməli və mövcud həcm çərçivəsində ixracı davam etdirməlidir. Ya da ərəb ölkələrini bu prosesə cəlb etməklə, əlavə qazı Yaxın Şərq ölkələrinə ixrac etməlidir. Bəlkə o zaman Aİ-nin başında duranların ağlı başına gələcək. Düzdür, Avropa bahalı qaz bazardır. Ancaq bu, o demək deyildir ki, öz vəsaitimiz hesabına Avropaya qaz ixracını artırmalıyıq. Ərəb ölkələri bu işə ortaq olursa, o zaman hasil ediləcək əlavə qazın marşrutu dəyişdirilməlidir. Onsuz da dünyada qaza olan tələbat artır”.
Vidadi ORDAHALLI