İngiltərənin cənubundakı kiçik Barham şəhəri Böyük Britaniyadan ayrılmaqla bağlı "referendum" keçirməyi planlaşdırır. Bu addım hakimiyyət orqanlarının yaxınlıqdakı Hərbi Hava Qüvvələri bazasında qaçqınları yerləşdirmək niyyəti səbəbindən atılıb. Bu barədə yerli icma şurasının sədri Con Bauer məlumat verib. "The Independent" nəşrinin xəbərinə görə, bu, yaxınlığındakı hərbi bazada qaçqınların yerləşdirilməsi planlarına etiraz olaraq Böyük Britaniyadan ayrılmaq barədə rəmzi referendum keçirməyi nəzərdən keçirən İngiltərənin ikinci şəhəridir. Bildirilir ki, hökumətin niyyətlərini dəstəkləməyən şəhər əhalisinin təxminən 90%-i müstəqilliyin lehinə səs verə bilər. Barhamın əhalisi təxminən 600 nəfərdir. Daha əvvəl Oksfordşir qraflığındakı Piddinqton şəhərinin sakinləri də oxşar səbəblə rəmzi müstəqillik "referendumu" keçirmiş və "Böyük Britaniyadan ayrılmaq" üçün səs vermişdilər. Hökumət proqramı çərçivəsində Britaniya üç yeni qaçqın mərkəzindən birini Piddinqtondakı keçmiş hərbi obyektlərdən birində yerləşdirməyi nəzərdə tutur. "National News Service"in məlumatına görə, oxşar mərkəzlər artıq Krouboro (Susseks) və Uezersfilddə (Esseks) fəaliyyət göstərir. Daha əvvəl Şotlandiya və Uelsin birinci nazirləri Şimali İrlandiya rəhbərliyinin nümayəndəsi ilə birlikdə görüş keçirərək, regionların Birləşmiş Krallıqdan ayrılmaq hüququna dair memorandum imzalamışdılar. Siyasətçilər gələcəkdə konstitusiya dəyişikliklərinin baş verəcəyinə əminliklərini ifadə etmişdilər.
SAMİRƏ