Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Tszinpinin ev sahibliyi edəcəyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etməyi planlaşdırır. Eyni zamanda, Rusiya prezidenti ABŞ Prezidenti Donald Trampın da qatılacağı ABŞ-dakı G20 sammitində iştirak etməmək niyyətindədir. Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. APEC sammiti 18-19 noyabr tarixlərində Şençjen şəhərində keçiriləcək. G20 sammitinin isə 14-15 dekabr tarixlərində Mayamidə baş tutması nəzərdə tutulub. Kremlə yaxın mənbələrin məlumatına görə, Vladimir Putin 2017-ci ildən bəri ilk dəfə APEC sammitində iştirak edəcək. Mənbələr onun Floridadakı tədbirə qatılmaq ehtimalının "son dərəcə aşağı" olduğunu qeyd edib. Əvvəllər Kreml APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderləri arasında üçtərəfli danışıqların aparılması ehtimalını istisna etmirdi; lakin hələlik belə bir görüş planlaşdırılmayıb. "Bloomberg"in mənbələrinə əsasən, Kreml G20 sammitinə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda hər hansı irəliləyiş gözləmir. Bundan əlavə, Rusiya rəhbərliyi ABŞ-ın danışıqlar aparan nümayəndələri – ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşnerlə bağlı getdikcə daha çox narazılıq nümayiş etdirir.
SAMİRƏ