Britaniya təyyarələri husilərin neft obyektlərinə endirdiyi zərbələrin qarşısını almağa kömək məqsədilə havada yanacaqdoldurma dəstəyi göstərəcək. Bu barədə The Telegraph-ın xəbərində deyilir. Bildirilir ki, Kral Hərbi Hava Qüvvələrinin (RAF) təyyarəsi ölkənin neft obyektlərinə növbəti zərbələrin qarşısını almaq üçün Səudiyyə Hərbi Hava Qüvvələrinə havada yanacaq doldurma işində kömək edəcək. Krallıq tez-tez Yəməndəki İranın dəstəklədiyi silahlı qruplaşma olan husilərin pilotsuz uçuş aparatları (PUA) və raket hücumlarına məruz qalır; bu hücumlar Səudiyyə Ərəbistanının cənubundakı şəhərləri, Qırmızı dəniz limanlarını və enerji infrastrukturunu hədəf alır. Bazar ertəsi axşam Nyu-Yorka gedərkən jurnalistlərə açıqlama verən Britaniya Baş naziri Burnham bildirib ki, Müdafiə naziri Wes Streeting və Xarici işlər naziri Ed Milibandın tövsiyəsi əsasında havada yanacaqdoldurma dəstəyi göstərməyə razılıq verib. Bu bəyanat cənab Burnhamın çərşənbə axşamı BMT Baş Assambleyasında Donald Trampla ilk üzbəüz görüşündən əvvəl verilib. Baş nazirin ABŞ prezidenti ilə saat 17:00 radələrində (BST) qısa ikitərəfli görüş keçirməsi gözlənilir. Burnham jurnalistlərə bildirib ki, Böyük Britaniyanın ABŞ ilə xüsusi münasibətləri "həmişəkindən daha güclüdür" və o, cənab Trampla "ortaq məxrəcə gəlib". Bununla belə, son aylarda Keir Starmerin İranla mümkün müharibəyə qoşulmaqdan imtina etməsi və müdafiə xərcləri ilə bağlı məsələlər səbəbindən Böyük Britaniya ilə ABŞ arasında münasibətlər gərgin olaraq qalır.
SAMİRƏ