Tehranda Fransanın İrandakı səfirliyi ilə əlaqəli CLF dil mərkəzi bağlanıb. Mərkəz İran tərəfindən hakimiyyət orqanlarının qanunsuz hesab etdiyi fəaliyyətlərə, eləcə də Fransanın qəbul edilmiş diplomatik normalardan kənara çıxan hərəkətlərinə görə möhürləndiyini bildirib.
İran hakimiyyət orqanlarının məlumatına görə, mərkəzə ölkə qanunlarına və qaydalarına uyğun olaraq fəaliyyət göstərmək üçün icazə almağın vacibliyi barədə dəfələrlə xəbərdarlıq edilib. Lakin qurum buna əməl etməkdən imtina edib.
CLF-in bağlanması qərarı Tehran prokurorluğu tərəfindən verilib. İran hakimiyyəti mərkəzin bir neçə ildir dil tədrisi müəssisəsi adı altında fəaliyyət göstərdiyini iddia edir. Eyni zamanda, İran tərəfi CLF-i İran İslam mədəniyyətinə və milli təhlükəsizliyinə qarşı yönəlmiş layihələri həyata keçirmək üçün təhsil fəaliyyətlərindən istifadə etməkdə günahlandırıb.
Bundan əlavə, İran hakimiyyəti mərkəzin işçilərinin yerli intellektual elitanın nümayəndələrini müəyyən etməklə, onlarla əlaqə qurmaqla və ölkədən getmələrini asanlaşdırmaqla məşğul olduqlarını iddia edir.
İddia edilən pozuntuların təfərrüatları, eləcə də mərkəzin fəaliyyəti ilə bağlı kiminsə konkret cinayətlərdə ittiham olunub-olunmadığı bildirilmir.
Tahir TAĞIYEV