"ADEX- 2026" sərgisi ilə bağlı təşkil olunan mətbuat konfransının Zəfər Muzeyində keçirilməsinin bizim üçün xüsusi bir mənası var. Bu məkan Azərbaycan xalqının Vətən müharibəsində qazandığı şanlı Zəfərimizi nümayiş etdirmək, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib.
Bunu Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.
O qeyd edib ki, "ADEX" sərgisi bizim regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisidir və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platformalardan biridir: "2014-cü ildən bu günə kimi təşkil olunan bütün "ADEX" sərgilərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsən ziyarət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə sənayesinin inkişafı ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Dövlətimizin başçısının müdafiə sənayesinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu sahə ölkəmizin milli təhlükəsizliyinin, eyni zamanda, müdafiə qüdrətinin mühüm dayaqlardan birinə çevrilib. Azərbaycan müdafiə sənayesi imkanlarını gündən-günə genişləndirir və hərbi-texniki potensialı da daha da möhkəmləndirilir. "ADEX" Azərbaycanın müdafiə sənayesi sənayesinin əldə etdiyi nəticələri nümayiş etdirməklə yanaşı, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün çox önəmli platformadır".