Çərşənbə günü turistlər Romanın dünyaca məşhur Kolizeyinə daxil ola bilməyiblər; abidə COVID-19 pandemiyası başlayandan bəri ilk dəfə olaraq ziyarətçilər üçün bağlanıb. CNN-in verdiyi məlumata görə, bağlanmaya səbəb yüksəklikdən yıxılan alpinist-montajçının (sənaye alpinistinin) ölümü olub. Çərşənbə axşamı gecəsi baş verən hadisədən sonra Romadakı Kolizey Arxeoloji Parkı müvəqqəti olaraq bağlanıb: 22 yaşlı işçi Andrea Moretti xidməti vəzifəsini yerinə yetirərkən – amfiteatrın ən yüksək nöqtəsində asılı vəziyyətdə olarkən – təxminən 10 metr hündürlükdən yıxılıb. Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyi məlumat yayıb. "Gecə saatlarında qəbul edilən qərar hadisədən xəbərsiz olan minlərlə ziyarətçidən ibarət ilk qrupun ərazini gəzib bitirməsindən sonra icra olunub. Girişlərin dərhal bağlanması abidənin qarşısında böyük insan izdihamının toplanmasına səbəb ola və nəticədə təhlükəsizliyi və ictimai asayişi təhlükə altına sala bilərdi"- nazirlikdən bildirilib. Əvvəlcə yalnız hadisənin baş verdiyi yuxarı mərtəbənin bağlanması planlaşdırılıb, lakin sonradan təhlükəsizliyi təmin etmək məqsədilə məhdudiyyət bütün kompleksə şamil edilib. Kolizey adətən ildə cəmi iki dəfə – 25 dekabr və 1 yanvar tarixlərində bağlanır; 2020-ci ildə isə COVID-19 ilə bağlı karantin tədbirləri səbəbindən bir neçə həftə bağlı qalıb. Daha əvvəl yüksək vəzifəli şəxslərin (məsələn, 2014-cü ildə Barak Obamanın) xüsusi səfərləri, eləcə də ötən ilin oktyabrında sülh duası mərasimi zamanı qısamüddətli bağlanmalar olmuşdu. Ümumiyyətlə, İtaliyada iş yerində bədbəxt hadisələr ciddi problem olaraq qalır; INAIL həmkarlar ittifaqının məlumatına görə, ölkədə hər gün orta hesabla üç işçi həyatını itirir. Eramızın 70-72-ci illəri arasında qladiator döyüşləri üçün arena kimi inşa edilən Kolizey hər gün on minlərlə ziyarətçini cəlb edir. 2011-ci ildə İtaliya hökuməti Roma Kolizeyini özəl şəxsə icarəyə verib. Tarixi tikili "Tod's" ayaqqabı brendinin sahibi Dieqo Della Vallenin ixtiyarına keçib.
SAMİRƏ