Aİ rusiyalı iş adamları Əlişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaları ləğv edib, lakin indiyə qədər siyahıya düşməkdən yayınan digər iki milyarderə qarşı sanksiyalar tətbiq etməklə etimadı bərpa edə bilər. Bunu Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk deyib.
Sözügedən iki iş adamı Rusiyanın müharibə iqtisadiyyatına fayda verən polad və nikel sənayesindəki əsas şirkətlərə nəzarət edən Vladimir Lisin və Vladimir Potanindir. Vlasiuk hesab edir ki, onları növbəti fərdi sanksiyalar mərhələsinə əlavə etmək sahib olduqları şirkətlərinin - Novolipetsk Steel və Nornickel-nin Aİ ilə ticarət əlaqələrindən məhrum edilməsinə səbəb olar.
"Hər kəs bu adamlardan xəbərdardır, lakin onlara qarşı hər hansı bir tədbir görülmür. Amma indi mübahisəsiz ki, bunu irəli aparmaq üçün bir fürsət var" – deyə sanksiyalar siyasəti üzrə komissar bildirib.
Lisin və Potaninin bizneslərinin miqyası, eləcə də Avropadakı əhəmiyyətli iştirakı bu günə qədər iş adamlarını sanksiya siyahısından kənarda saxlayıb. Lisinin Novolipetsk Steel şirkəti Belçikanın Valloniya bölgəsində polad emalı müəssisələrini idarə edir və bu da Belçika hökumətini onun siyahıya daxil edilməsinə qarşı çıxmağa vadar edir. Şirkətin həmçinin Fransa, İtaliya və Danimarkada istehsal müəssisələri var.
Potaninə gəldikdə isə, Avropanın, xüsusən də avtomobil sənayesində Rusiya nikel və palladiumundan asılılığı onu siyahıdan kənarda saxlayıb və bu da milyarderə Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı biznes imperiyasını genişləndirməyə imkan verib.
Vlasyuk Lisin və Potanin məsələsini, Rusiyaya məhsul tədarük edən İrlandiyanın ixrac şirkəti olan Aughinish Alumina-ya qarşı sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı müzakirələrlə əlaqələndirib.
"Həmişə eyni hekayədir. Sanksiyaların tətbiqini dəstəkləyən 20 ölkə olsa da, bir ölkə buna qarşı çıxıe. Bu alüminium oksidi ixracı qadağan edilməlidir. Bu, bizim üçün aydındır və bundan sonra nə edəcəyimizlə bağlı çoxlu ideyamız var", - deyə Vlasyuk bildirib.
Tahir TAĞIYEV