Son 10 ildə yalnız qızıl hasil edən şirkət kimi deyil, geoloji kəşfiyyat, əlvan və qara metal filizləri, sənaye partlayıcıları və qeyri-filiz sahələrini əhatə edən çoxşaxəli milli dağ-mədən şirkəti kimi formalaşan “AzerGold”un qarşıdakı illərdə fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur”.
Bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 24-də keçirilən brifinqdə deyib.
Z.İbrahimov bildirib ki, şirkətin əsas hədəflərindən biri 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmaqdır: “2030-cu ilədək “AzerGold”un gəlir və məşğulluq göstəricilərinə görə Azərbaycanın qeyri-neft sənayesinin aparıcı şirkətlərindən birinə çevrilməsini hədəfləyirik”.
O vurğulayıb ki, son 10 il ərzində həyata keçirilən dövlət siyasəti və şirkətin fəaliyyəti nəticəsində formalaşmış təcrübə və yaradılmış istehsal bazası “AzerGold”un növbəti inkişaf mərhələsi üçün mühüm zəmin yaradıb: “Qarşıdakı dövrdə məqsədimiz əldə olunmuş nəticələri daha da inkişaf etdirmək, ölkəmizin iqtisadi inkişafına töhfə vermək və regionlarda uzunmüddətli məşğulluq imkanları formalaşdırmaqdır”.
İdarə Heyətinin sədri qeyd edib ki, yeni layihələrin həyata keçirilməsi ilə “AzerGold”un fəaliyyət coğrafiyasının genişlənməsi, hasilat və emal imkanlarının artırılması, yeni sənaye və xidmət sahələrinin formalaşdırılması nəzərdə tutulur: “Bu proses Azərbaycanın mineral-xammal potensialından daha səmərəli istifadə edilməsinə, qeyri-neft sənayesinin inkişafına və regionların sosial-iqtisadi inkişafına əlavə imkanlar yaradacaq”.