Tehran Hörmüz boğazının yenidən açılması üçün ABŞ-a plan təqdim edib. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Onun sözlərinə görə, plan iki ölkənin iyunda imzaladığı anlaşma memorandumunda razılaşdırılmış şərtlərə uyğundur: "Vasitəçilər planımzı ABŞ-a təqdim ediblər. Müəyyən şərtlər yerinə yetirilsə, Hörmüz boğazı yeddinci günün sonunda açılacaq və danışıqlar bərpa olunacaq".
Nazir detallı danışmayıb. CNN isə Ağ Ev rəsmisinə istinadən yazıb ki, tərəflər vasitəçilərin araçılığı ilə müsbət və konstruktiv müzakirələr aparırlar. Diplomatik təmaslar bərpa olunsa da, təxminən yeddi aydır davam edən müharibəni bitirmək məsələsində tərəflərin mövqeləri hələ də bir-birindən xeyli uzaq görünür. Onlar arasında ilk dolayı danışıqlar sentyabrın 23-də başlayıb. Görüşdən sonra hər hansı bir güzəşt barədə açıq məlumat verilməyib. ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian bu həftə BMT tribunasından bir-birinin ünvanına sərt ifadələr işlədiblər. Tramp, razılaşma əldə olunmasa, İranı məhv etməklə hədələyib. Pezeşkian isə təzyiq qarşısında İranın diz çökməyəcəyini deyib. Ancaq hər iki lider danışıqlara açıq olduqlarını bildirib. Əslində Vaşinqton və Tehran iyunun 17-də hərbi əməliyyatları dayandırmaq və Hörmüz boğazını yenidən açmaq üçün 60 günlük anlaşma memorandumu imzalamışdılar. Tərəflər sənədin şərtlərini fərqli yozduqları üçün qarşılıqlı hücumlar yenidən başlayıb.
Samirə SƏFƏROVA