Qulamhüseyn Əlibəyli: “Katolikosun kənarlaşdırılması üçün kilsənin öz daxilində kifayət qədər güclü mövqe formalaşmalıdır”
Ermənistan hakimiyyəti bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılması ilə bağlı mövqeyini dəyişməyib. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə deyib.
O, Ermənistan hökumətinin kilsədə yaranmış böhranla bağlı bu gün yayımladığı hesabatda II Qareginlə bağlı irəli sürülən təkliflərin xalq tərəfindən dəstəkləndiyini bildirib: “Ktriç Nersisyan (II Qaregin) artıq bütün ermənilərin katolikosu deyil”. Simonyan jurnalistlərin hakimiyyətin Katolikosun vəzifədən kənarlaşdırılması istiqamətində hansı addımları atacağı ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, rəhbərliyin bu məsələdə mövqeyi dəyişməyib. Yəni Ermənistan hakimiyyəti II Qaregini vəzifədən kənarlaşdırmaqda qərarlıdır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma artıq ayrı-ayrı din xadimlərinin siyasi çıxışları barədə mübahisə deyil: “Baş nazir Nikol Paşinyan II Qareginin kilsəyə rəhbərlik etməsini açıq şəkildə mübahisələndirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyanın açıqlaması da hakimiyyətin II Qareginin vəzifədən getməsi ilə bağlı mövqeyinin dəyişmədiyini göstərir. Münaqişənin kökündə kilsənin Ermənistanın siyasi həyatında tutduğu yer dayanır. Erməni kilsəsi ənənəvi olaraq dövlət hakimiyyətinin həyata keçirilməsinə əhəmiyyətli təsir göstərən mərkəz olub. Bu gün də həmin kilsənin rəhbərliyi Paşinyanın siyasətinə, xüsusilə Azərbaycanla sülh gündəliyi və sərhəd məsələləri üzrə mövqelərinə və qərarlarına qarşı çıxış edir. Hökumət isə katolikosun və bəzi ruhanilərin fəaliyyətini dini mövqedən çıxaraq siyasi mübarizəyə qoşulmaq, hakimiyyətə təzyiq etmək kimi qiymətləndirir. 2024-cü ildə yüksək rütbəli din xadiminin rəhbərlik etdiyi hökumət əleyhinə etirazlar bu qarşıdurmanı daha da dərinləşdirdi. Sonradan II Qaregin və digər ruhanilərlə bağlı məhkəmə işi gərginliyin hüquqi müstəviyə də keçdiyini göstərdi. İttihamların siyasi xarakter daşıdığı barədə müxalifətin və hüquq müdafiəçilərinin etirazları da var.
Ermənistan baş nazirinin tapşırığı ilə onun Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi Erməni kilsəsindəki vəziyyətlə bağlı rəsmi məruzəni açıqlayıb. Məruzədə Erməni Apostol Kilsəsində böhran yarandığı göstərilir, bunun səbəbləri katolikos II Qareginin və bir sıra yüksək rütbəli ruhanilərin fəaliyyəti ilə əlaqələndirilir və çıxış yolu təklif edilir. Məruzədə erməni kilsəsinin fəaliyyəti ilə bağlı ruhani intizamın, kilsənin idarəçilik qaydalarının pozulması, maliyyə və əmlak, siyasət və diaspor məsələlərində ciddi pozuntular olduğu göstərilir. Bu pozuntulara II Qareginin subaylıq əhdini pozduğu, bəzi ruhanilərin davranışı barədə iddiaların araşdırılmadığı, tənqidçi ruhanilərə isə əsassız intizam tədbirləri görüldüyü, qohumların və yaxın şəxslərin vəzifələrə gətirildiyi, Milli Kilsə Məclisinin çağırılmadığı, seçkili kilsə orqanlarının fəaliyyətinin zəiflədiyi, ianələrin istifadəsində şəffaflığın olmadığı və kilsə əmlakının təyinatından kənar işlədildiyi, kilsə strukturlarının siyasi fəaliyyətə cəlb olunduğu, xarici təsirə şərait yarandığı və diaspor yeparxiyalarında parçalanmaların dərinləşdiyi iddia edilir”.
Q. Əlibəyli onu da qeyd etdi ki, hökumət kilsənin fəaliyyətində islahatları zəruri hesab edir: “İslahat gündəliyinin kilsə icmalarında müzakirəsi, II Qareginin vəzifədən getməsi; katolikos müvəqqəti əvəzləyicinin seçilməsi, kilsənin vahid nizamnaməsinin qəbulu və sonda yeni katolikosun seçilməsi təklif olunur. Başqa sözlə, hakimiyyət kilsənin idarəçilik islahatlarını hazırkı katalikos II Qareginin vəzifədən getməsi ilə birbaşa əlaqələndirir. Eyni zamanda islahatların kilsənin öz tərəfindən həyata keçirilməli olduğunu, dövlətin isə konstitusion səlahiyyətləri çərçivəsində qalmalı olduğunu qeyd olunur. Paşinyan üçün II Qareginin vəzifədən getməsi kilsə daxilində dəyişiklikdən daha böyük siyasi nəticə verə bilər: hakimiyyətin ən nüfuzlu tənqid və təzyiq mərkəzlərindən biri zəifləyər. Katolikosun tərəfdarları isə məsələyə əks istiqamətdən baxırlar. Onların nəzərində dövlət rəhbərliyinin kilsə başçısının taleyini müəyyənləşdirməyə çalışması dini qurumun müstəqilliyinə müdaxilədir. Məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd olunmalıdır ki, Ermənistan Konstitusiyasına görə dini təşkilatların dövlətdən ayrıdır və fəaliyyət azadlığına malikdir. Konstitusiya eyni zamanda Erməni Apostol Kilsəsinin ölkənin mənəvi və mədəni həyatındakı xüsusi tarixi rolu olduğunu təsbit edir. Lakin ölkənin mənəvi və mədəni həyatında kilsəsinin xüsusi tarixi rolunun konstitusion səviyyədə təsbit edilməsi kilsəyə dövlət hakimiyyətinin fəaliyyətinə müdaxilə və təzyiq etmək hüququ vermir. Eləcə də hakimiyyətin kilsə rəhbərliyini sərt şəkildə tənqid etməsi öz özlüyündə katolikosu vəzifədən kənarlaşdırılması üçün əsas hesab olunmur. Bu məsələdə hakimiyyətin təzyiqinin artması əks effekt də verə bilər, kilsə daxilində fərqli mövqedə olanlar kilsənin institusional müstəqilliyi naminə birləşə bilərlər. Kilsə ilə dövlət hakimiyyəti arasındakı qarşıdurmanın Ermənistandan kənarda da əks-sədası olacağı gözləniləndir. Bütün ermənilərin katolikosu yalnız Ermənistan ərazisində fəaliyyət göstərən dini rəhbər deyil; kilsənin dünya üzrə icmaları var; bu qarşıdurmada onların passiv dayanacağını və ya hansı mövqe tutacağını qabaqcadan birmənalı şəkildə söyləmək çətindir.
Ona görə də, katalikosun vəzifədən kənarlaşdırılması üçün kilsənin öz daxilində kifayət qədər güclü mövqe formalaşmalıdır. Bu gün Erməni Apostol kilsəsinin daxilində II Qareginin fəaliyyətindən açıq narazılıq bildirən ruhanilər var. Hələ keçən ilin sonlarında bir neçə yepiskop katolikosun istefasını tələbi ilə çıxış edərək kilsənin islahatına tərəfdar olduqlarını bildiriblər. Narazı ruhanilərin yaratdığı islahat şurası II Qareginin istefasını, kilsənin idarəçilik qaydalarının dəyişdirilməsini və irəli sürülən iddiaların kilsə daxilində araşdırılmasını tələb edir. Digər ruhanilər isə katolikosu müdafiə edir və hökumətin bu prosesdə iştirakını kilsənin müstəqilliyinə müdaxilə sayırlar. Deməli, kilsə daxilində real fikir ayrılığı var, amma narazı qrupun bütün kilsəni təmsil etdiyini söyləmək olmaz. Bu baxımdan yaxın perspektivdə ehtimal olunan ən mümkün variant qarşıdurmanın uzanmasıdır: hakimiyyət II Qareginin legitimliyini siyasi baxımdan sarsıtmağa, kilsə rəhbərliyi isə öz səlahiyyətini və müstəqilliyini qorumağa çalışacaq. Bu mübarizənin sonunu sərt bəyanatların sayı deyil, kilsədaxili qərarlar, məhkəmə proseslərinin nəticəsi və cəmiyyətin dövlətlə kilsə arasındakı sərhədə münasibəti müəyyən edəcək”.
Vidadi ORDAHALLI