Əli Əlirzayev: “Naxçıvanda dağ-mədən sənayesi xüsusi bir proqram əsasında inkişaf etməlidir”
Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışında bildirib ki, Naxçıvanla bağlı geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb:
“Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq”.
Məlumatlara görə, hələ SSRİ dövründə, yəni ötən əsrin 60-70-ci illərində Naxçıvanın müəyyən ərazilərində qızıl yataqları aşkar edilib. Əsasən də Culfa və Qızıldağda belə yataqlar olub. Söhbət Babək rayonunun Cəhri kəndi yaxınlığında yerləşən Qızıldağ massivindən gedir. Yerli camaat arasında gəzən söhbətlərə görə, Moskvadan ora geoloqlar gəlib orada uzun müddət araşdırmalar aparıblar. Deyilənə görə, həmin ekspedisiya tərkibində ermənilər də olub. Onlara tapşırılıb ki, yataqların aşkara çıxarılmasını önləsinlər. Çünki bu, Naxçıvanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdi. Sonra belə şayiələr yayılıb ki, qızıl aşkar edilsə də, bu, o qədər də böyük olmadığından iqtisadi baxımdan sərfəli deyil. O mənada ki, qoyulan sərmayəni sonra götürmək mümkün olmaz. Bununla da sözügedən məsələ bağlanıb. Halbuki, yerli əhali orada böyük qızıl yataqlarının olduğunu güman edir.
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim Əli Əlirzayev baki-xeber.com-a açıqlamasında bildirib ki, Naxçıvanda dağ-mədən sənayesi ilə bağlı müxtəlif ehtiyatlar var: “Naxçıvanın dağlarında, aran rayonlarında böyük yeraltı sərvətlər var. İstər metallurgiyanın, istərsədə digər sahələrin inkişafı üçün bu sərvətlər var. Gümüşlüdə mədən sənayesi var idi. Ancaq 90-cı illərin əvvəllərində Naxçıvan blokada vəziyyətinə düşdüyü üçün sözügedən sahələrin inkişafına vəsait qoymaq mümkün olmadı. Dağ-mədən sənayesi böyük həcmdə kapital tələb edir. Əmək tutumlu sahədir. Ona görə də Naxçıvanda dağ-mədən sənayesi xüsusi bir proqram əsasında inkişaf etməlidir. Artıq bunun vaxtı çatıb. Naxçıvanda müxtəlif təbii təbi sərvətlər var. Naxçıvan bütün Azərbaycanı daş duzla təmin edir. Naxçıvanda molibden ehtiyatları var. Bunları ortaya çıxarmaq üçün kapital qoyuluşuna zərurət var. O vaxt Gümüşlüdə mis çıxarılırdı. Hətta Naxçıvanda neft də tapılıb, amma ehtiyatı elədə böyük olmayıb. Ancaq bunun üçün tədqiqatlar aparılmalıdır. Naxçıvan dağlarında nəinki gümüş, molibden, qızıl yataqları da var. Əlincə çayının baş hissəsində mədən tikmişdilər və orada təbii qaz çıxırdı. Ancaq həmin qaz insanları boğurdu deyə, sonra o elə də qaldı”.
Vidadi ORDAHALLI