ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun TRIPP marşrutunu Hörmüz boğazı kimi strateji və həssas nəqliyyat qovşaqlarına alternativ kimi təqdim etməsi layihənin təkcə Cənubi Qafqaz üçün deyil, qlobal logistika baxımından da əhəmiyyət daşıdığını göstərir. Uitkofun sözlərinə görə, TRIPP bəzi ticarət marşrutlarını bir neçə həftə qısalda, müxtəlif regionları bir-birinə bağlaya və qlobal ticarətdə mövcud “dar keçidlər”dən asılılığı azalda bilər. O, həmçinin, layihənin böyük həcmdə investisiya cəlb etmək potensialına malik olduğunu bildirib.
TRIPP Azərbaycanın regiondakı tranzit əhəmiyyətini artıra bilər. Layihənin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılmasına, daha sonra isə bu xəttin Türkiyə və Avropa istiqamətində Orta Dəhlizə inteqrasiyasına imkan verə bilər. Bu, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində mövqeyini daha da gücləndirməklə yanaşı, Bakı limanı, dəmir yolu, logistika mərkəzləri, anbar və digər nəqliyyat xidmətlərinə əlavə tələbat yarada bilər.
Layihənin başqa bir üstünlüyü marşrutların şaxələndirilməsidir. Qlobal ticarətdə Süveyş və Hörmüz kimi strateji keçidlərdə yaranan geosiyasi risklər alternativ quru marşrutlarının əhəmiyyətini artırır. TRIPP də bu baxımdan Orta Dəhlizin əlavə bağlantısı kimi Azərbaycanın tranzit imkanlarını genişləndirə bilər.
Lakin “Hörmüz boğazına alternativ” ifadəsini tam əvəzləmə kimi qəbul etmək düzgün olmaz. Hörmüz əsasən enerji daşıyıcılarının qlobal ticarəti baxımından strateji əhəmiyyət daşıyır, TRIPP isə əsasən quru və multimodal yükdaşımaları üçün alternativ marşrut rolunu oynaya bilər.
Azərbaycan üçün əsas məsələ layihənin yaradacağı imkanlardan maksimum istifadə etməkdir. Bunun üçün Ələt limanı, dəmir yolları, logistika mərkəzləri və Orta Dəhlizin digər elementlərinin inkişafı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda TRIPP-in hələ tam formalaşmış nəqliyyat xətti olmadığını, maliyyələşmə, tikinti, hüquqi razılaşmalar və regional sabitliklə bağlı bir sıra məsələlərin qarşıda dayandığını nəzərə almaq lazımdır.
Əgər layihə planlaşdırıldığı kimi həyata keçirilərsə, Azərbaycan üçün potensial nəticə yalnız tranzit gəlirlərinin artması olmayacaq. Logistika, anbar, gömrük, sığorta, nəqliyyat və sənaye xidmətlərində yeni biznes və investisiya imkanlarının yaranması da mümkündür. Bu baxımdan TRIPP Azərbaycanın tranzit ölkədən daha geniş regional logistika mərkəzinə çevrilməsi üçün əlavə imkan yarada bilər.
Akif NƏSİRLİ